Abstract

Background: Infertility affects not only reproductive health but also psychological well‑being and sexual function of women. Objective: To assess sexual function and psychological status in women with infertility and analyze possible associations with clinical factors. Materials and Methods: The observational study included 52 women aged 22–45 years diagnosed with infertility. Sexual function was assessed using the Female Sexual Function Index (FSFI). Psychological status was evaluated using the Zung Self‑Rating Anxiety Scale and Zung Self‑Rating Depression Scale. Results: Primary infertility was identified in 54.5% and secondary infertility in 45.5% of cases. Sexual dysfunction was observed in 81.8% of patients. Decreased sexual desire was more common among women with primary infertility, whereas pain and lubrication disorders were more frequent among women with secondary infertility. Depressive symptoms were more pronounced in women with secondary infertility. Conclusion: Sexual dysfunction and psychological distress are common among women with infertility and should be considered during comprehensive clinical assessment.

Full article

Sonsuzluq müasir mamalıq və ginekologiyanın ən aktual problemlərindən biri hesab olunur və reproduktiv yaşda olan cütlüklərin əhəmiyyətli hissəsini əhatə edir. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən reproduktiv yaşda olan cütlüklərin təxminən 15%-i sonsuzluq problemi ilə qarşılaşır. Bu səbəbdən sonsuzluq yalnız reproduktiv sistemin patologiyası kimi deyil, həm də tibbi, psixoloji və sosial aspektləri əhatə edən kompleks bir vəziyyət kimi qiymətləndirilməlidir. Son illərdə aparılan tədqiqatlar göstərir ki, sonsuzluq qadınların yalnız reproduktiv funksiyasına deyil, həm də onların psixoemosional vəziyyətinə və həyat keyfiyyətinə əhəmiyyətli təsir göstərir. Sonsuzluq diaqnozu qoyulan qadınlarda emosional gərginlik, narahatlıq və depressiv simptomlar sağlam populyasiya ilə müqayisədə daha yüksək tezliklə müşahidə olunur (Boivin və b., 2011; Maroufizadeh və b., 2019). Uzunmüddətli reproduktiv uğursuzluqlar, köməkçi reproduktiv texnologiyalarla aparılan müalicə prosesləri və təkrar uğursuz cəhdlər qadınların psixoloji vəziyyətinə mənfi təsir göstərməklə yanaşı, onların intim münasibətlərinə və cinsi həyat keyfiyyətinə də təsir edə bilər (Tao və b., 2022; Firoozi və b., 2023).

Sonsuzluq bir çox hallarda qadınlarda emosional stress, reproduktiv travma və həyat keyfiyyətinin azalması ilə müşayiət olunur. Uzun müddət davam edən sonsuzluq və reproduktiv uğursuzluqlar cütlüklərin münasibətlərinə və cinsi həyatına mənfi təsir göstərə bilər. Bu faktorlar nəticəsində qadınlarda cinsi istək azalması, oyanma pozulması, ağrı ilə müşayiət olunan cinsi münasibətlər və seksual məmnunluğun azalması kimi problemlər müşahidə oluna bilər. Qadınlarda cinsi funksiyanın qiymətləndirilməsi üçün ən geniş istifadə olunan alətlərdən biri Qadın Seksual Funksiya İndeksi (QSFİ, ing. Female Sexual Function Index – FSFI) hesab olunur. Bu sorğu qadın seksual funksiyasının çoxölçülü qiymətləndirilməsinə imkan verən etibarlı və geniş tətbiq olunan ölçmə alətidir. QSFİ sorğusu cinsi istək, oyanma, lubrikasiya, orqazm, seksual məmnunluq və ağrı kimi altı əsas domeni əhatə edir və qadınlarda cinsi funksiyanın müxtəlif aspektlərinin sistemli şəkildə qiymətləndirilməsinə imkan verir (Rosen və b., 2000). Psixoemosional vəziyyətin qiymətləndirilməsi məqsədilə klinik tədqiqatlarda geniş istifadə olunan metodlardan biri də Zung narahatlıq və depressiya şkalalarıdır. Müasir tədqiqatların nəticələri göstərir ki, sonsuzluğu olan qadınlarda narahatlıq və depressiya simptomları daha yüksək səviyyədə müşahidə olunur və bu faktorlar cinsi funksiyanın müxtəlif komponentlərinə mənfi təsir göstərə bilər (Maroufizadeh və b., 2019; Firoozi və b., 2023; Bannour və b., 2025).

Bu kontekstdə sonsuzluğu olan qadınlarda cinsi funksiya və psixoemosional vəziyyətin qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bir sıra tədqiqatlar göstərir ki, sonsuzluq yalnız bioloji reproduktiv problem kimi deyil, həm də cütlüklərin münasibətlərinə və həyat keyfiyyətinə təsir edən kompleks psixososial vəziyyət kimi qiymətləndirilməlidir. Psixoloji stress, narahatlıq və emosional gərginlik qadınlarda cinsi funksiyanın müxtəlif komponentlərinə təsir göstərə bilər və nəticə etibarilə cinsi münasibətlərin keyfiyyətinin azalmasına səbəb ola bilər. Eyni zamanda bəzi hallarda cinsi disfunksiya sonsuzluğun həm səbəbi, həm də nəticəsi kimi çıxış edə bilər. Buna görə də sonsuzluğu olan qadınların müayinəsi zamanı yalnız reproduktiv sistemin vəziyyətinin qiymətləndirilməsi kifayət etmir. Seksual funksiya və psixoemosional vəziyyətin kompleks şəkildə qiymətləndirilməsi reproduktiv sağlamlığın daha dolğun öyrənilməsinə və fərdi müalicə strategiyalarının müəyyənləşdirilməsinə kömək edə bilər. Bu tədqiqatın məqsədi sonsuzluğu olan qadınlarda cinsi funksiyanın və psixoemosional vəziyyətin qiymətləndirilməsi, həmçinin bu göstəricilərin klinik və metabolik faktorlarla mümkün əlaqələrinin araşdırılmasıdır.

Material və metodlar. Tədqiqat müşahidə xarakterli olmuş və sonsuzluq diaqnozu ilə müraciət etmiş reproduktiv yaşda olan 52 qadını əhatə etmişdir. Pasiyentlərin yaşı 22–45 il arasında dəyişmişdir. Tədqiqata həm ilkin, həm də ikincili sonsuzluğu olan qadınlar daxil edilmişdir. Aparılan analiz nəticəsində ilkin sonsuzluq 54,5%, ikincili sonsuzluq isə 45,5% hallarda müəyyən edilmişdir. Pasiyentlərin klinik və reproduktiv anamnezi ətraflı şəkildə öyrənilmişdir. Xüsusilə ikincili sonsuzluğu olan qadınlarda reproduktiv anamnez daha mürəkkəb xarakter daşıyırdı. Bu qrup pasiyentlərin təxminən 40%-də fəsadlaşmış mamalıq-ginekoloji anamnez qeydə alınmışdır. Bu hallara təkrarlanan spontan düşüklər (adəti düşüklər), erkən və gec dövr hamiləlik itkiləri, inkişafdan qalan hamiləliklər, biokimyəvi hamiləliklər, həmçinin köməkçi reproduktiv texnologiyalar çərçivəsində aparılmış uğursuz süni mayalanma cəhdləri daxil olmuşdur. Bu cür reproduktiv itkilərin mövcudluğu həmin pasiyentlərdə reproduktiv travmanın formalaşması ilə müşayiət olunmuş və mürəkkəbləşmiş mamalıq-ginekoloji anamnezin yaranmasına səbəb olmuşdur. Pasiyentlərin klinik vəziyyəti qiymətləndirilərkən onların endokrin və metabolik göstəriciləri də nəzərə alınmışdır. Aparılan analiz nəticəsində pasiyentlərin təxminən 65%-də endokrin və metabolik pozulmalar müəyyən edilmişdir. Bu faktorlar arasında daha çox aşağıdakı klinik vəziyyətlər müşahidə olunmuşdur: • insulinrezistentlik – 45% • polikistik yumurtalıq sindromu – 27% • hipotiroidizm – 32% • hiperprolaktinemiya – 21% • yumurtalıq ehtiyatının azalması – 8% Cinsi funksiyanın qiymətləndirilməsi üçün Qadın Seksual Funksiya İndeksi (Female Sexual Function Index – FSFI) sorğusundan istifadə edilmişdir. FSFİ qadınlarda cinsi funksiyanı altı əsas domen üzrə qiymətləndirən çoxölçülü ölçmə alətidir: • cinsi istək • cinsi oyanma • lubrikasiya • orqazm • cinsi məmnunluq • ağrı Psixoemosional vəziyyətin qiymətləndirilməsi üçün Zung narahatlıq şkalası (Self-Rating Anxiety Scale – SAS) və Zung depressiya şkalası (Self-Rating Depression Scale – SDS) istifadə edilmişdir. Hər iki şkala 20 sualdan ibarətdir və hər bir sual üzrə iştirakçılara 4 mümkün cavab variantı təqdim olunur.

Nəticələr: Aparılan tədqiqatın nəticələrinə əsasən ilkin sonsuzluq 54,5%, ikincili sonsuzluq isə 45,5% hallarda müəyyən edilmişdir. İkincili sonsuzluğu olan qadınların reproduktiv anamnezinin təhlili göstərmişdir ki, bu qrup pasiyentlərin əhəmiyyətli hissəsində əvvəlki hamiləliklər müxtəlif reproduktiv itkilərlə nəticələnmişdir. Belə ki, ikincili sonsuzluğu olan qadınların təxminən 40%-də fəsadlaşmış mamalıq-ginekoloji anamnez qeydə alınmışdır. FSFİ nəticələrinə əsasən cinsi funksiyanın müxtəlif domenləri üzrə dəyişikliklər müşahidə olunmuşdur (Cədvəl 1) Cinsi funksiyanın müxtəlif domenləri üzrə aparılan müqayisəli analiz zamanı bəzi göstəricilər üzrə statistik fərqlər müəyyən edilmişdir. Xüsusilə ağrı domeni üzrə fərq statistik baxımdan əhəmiyyətli olmuşdur (p < 0,01). Psixoemosional vəziyyətin qiymətləndirilməsi nəticəsində narahatlıq simptomlarının depressiya simptomları ilə müqayisədə daha geniş yayıldığı müəyyən edilmişdir. Ümumilikdə aparılan analiz göstərmişdir ki, cinsi disfunksiya sonsuzluğu olan qadınların 81,8%-də müşahidə olunmuşdur.

Müzakirə. Aparılan tədqiqatın nəticələri göstərir ki, sonsuzluğu olan qadınlarda cinsi funksiyanın pozulması və psixoemosional vəziyyətin dəyişiklikləri geniş yayılmışdır. Bu nəticələr sonsuzluğun yalnız reproduktiv funksiya ilə məhdudlaşmadığını, eyni zamanda qadınların psixoloji və seksual sağlamlığına da təsir göstərdiyini göstərir. Bu tədqiqatın nəticələri qadın cinsi funksiyası ilə psixo-emosional vəziyyət arasında kompleks və qarşılıqlı əlaqənin mövcud olduğunu göstərdi. FSFI üzrə aparılmış təhlil göstərdi ki, yalnız ağrı domenində qruplar arasında statistik cəhətdən əhəmiyyətli fərq mövcuddur (p < 0.01), digər domenlər üzrə isə fərqlər statistik əhəmiyyətlilik səviyyəsinə çatmamışdır (p > 0.05). Əldə olunan nəticələr göstərir ki, ikincili sonsuzluğu olan qadınlarda depressiv simptomlar daha yüksək səviyyədə müşahidə olunur. Bu hal davamlı ağrı ilə əlaqəli xroniki psixo-emosional yüklənmənin kumulyativ təsiri ilə izah oluna bilər. Ağrı domenində aşkar olunan statistik əhəmiyyətli fərq (p < 0.01) bu əlaqəni dəstəkləyən əsas klinik göstəricilərdən biri kimi çıxış edir. Digər tərəfdən, narahatlıq göstəricilərinin təhlili qruplar arasında statistik cəhətdən əhəmiyyətli fərqin olmadığını göstərmişdir (p > 0.05). Bu nəticə narahatlığın həm birincili, həm də ikincili sonsuzluğu olan qadınlarda oxşar səviyyədə müşahidə olunduğunu və onun sonsuzluğa ümumi psixo-emosional reaksiya kimi çıxış etdiyini göstərir. Beləliklə, əldə olunan nəticələr göstərir ki, psixoemosional pozuntuların strukturu sonsuzluğun tipindən asılı olaraq fərqli xüsusiyyətlərə malikdir: narahatlıq daha ümumi və qeyri-spesifik reaksiya kimi çıxış etdiyi halda, depressiya daha çox xroniki ağrı və reproduktiv təcrübənin xüsusiyyətləri ilə əlaqəli ola bilər. Bu nəticələr klinik praktikada multidissiplinar yanaşmanın vacibliyini vurğulayır. Xüsusilə, sonsuzluğu olan qadınlarda yalnız reproduktiv funksiyanın deyil, həm də ağrı sindromunun və psixo-emosional vəziyyətin kompleks qiymətləndirilməsi və müvafiq şəkildə idarə olunması zəruridir. Əldə olunan nəticələr digər müəlliflərin tədqiqatlarının nəticələri ilə uyğunluq təşkil edir. Müasir araşdırmalar göstərir ki, sonsuzluğu olan qadınlarda cinsi istək azalması, oyanma pozulması və cinsi məmnunluğun azalması sağlam populyasiya ilə müqayisədə daha yüksək tezliklə müşahidə olunur (Maroufizadeh və b., 2019; Tao və b., 2022; Firoozi və b., 2023). Tədqiqatımızda ilkin və ikincili sonsuzluğu olan qadınlar arasında seksual funksiyanın müxtəlif domenləri üzrə müəyyən fərqlər müşahidə olunmuşdur. İlkin sonsuzluğu olan qadınlarda daha çox cinsi istək azalması, ikincili sonsuzluğu olan qadınlarda isə ağrı və lubrikasiya pozğunluğu ilə əlaqəli problemlər daha çox qeydə alınmışdır. İkincili sonsuzluğu olan qadınların reproduktiv anamnezinin təhlili göstərmişdir ki, bu qrup pasiyentlərin təxminən 40%-də fəsadlaşmış mamalıqginekoloji anamnez mövcuddur. Bu hallara təkrarlanan spontan düşüklər, inkişafdan qalan hamiləliklər və uğursuz süni mayalanma cəhdləri daxildir. Bu cür reproduktiv itkilər həmin pasiyentlərdə reproduktiv travmanın formalaşmasına səbəb ola bilər və sonrakı reproduktiv funksiyaya mənfi təsir göstərə bilər. Ədəbiyyat məlumatlarına görə reproduktiv itkilər və uğursuz hamiləliklər qadınlarda psixoloji stressin və emosional gərginliyin artmasına səbəb ola bilər ki, bu da öz növbəsində cinsi funksiyanın pozulmasına təsir göstərə bilər (Boivin və b., 2011; Bannour və b., 2024). Beləliklə, əldə olunan nəticələr göstərir ki, sonsuzluğu olan qadınların qiymətləndirilməsi zamanı yalnız reproduktiv sistemin vəziyyətinin deyil, həm də cinsi funksiyanın və psixoemosional vəziyyətin nəzərə alınması vacibdir.

Figures

Keywords

References

1. Rosen RC, Brown C, Heiman J, et al. The Female Sexual Function Index (FSFI): A multidimensional self-report instrument for the assessment of female sexual function. Journal of Sex & Marital Therapy. 2000.

2. Boivin J, Griffiths E, Venetis CA. Emotional distress in infertile women: systematic review. BMJ. 2011.

3. Domar AD, Zuttermeister PC, Friedman R. The psychological impact of infertility. Journal of Psychosomatic Obstetrics & Gynecology. 1993.

4. Wischmann T. Sexual disorders in infertile couples. Journal of Sexual Medicine. 2010.

5. Maroufizadeh S, Karimi E, Vesali S, Omani Samani R. Anxiety and sexual function in infertile women. Journal of Psychosomatic Obstetrics & Gynecology. 2019.

6. Lo SS, Kok WM. Sexual functioning and quality of life in infertile women. Human Fertility. 2020.

7. Tao P, Coates R, Maycock B. The impact of infertility on sexual function and mental health. BMC Women’s Health. 2022.

8. Firoozi A, et al. Sexual function and infertility treatment outcomes. BMC Women’s Health. 2023.

9. Bannour B, et al. Impact of infertility and assisted reproduction on female sexuality. JBRA Assisted Reproduction. 2024.

10. Gao J, Zhang X, Su P, Liu J. Relationship between infertility stress and female sexual dysfunction. Frontiers in Psychology. 2022.

11. Keskin U, Goktas SB. Psychological distress and sexual dysfunction among infertile women. Sexual Medicine. 2023.

12. Liu Y, Wang Y, Li J. Infertility-related stress and female sexual health. International Journal of Gynecology & Obstetrics. 2024.

Article Info:

Publication history

Published: 30.Jun.2026

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

The Role of Anti-Müllerian Hormone in Reproductive Health of Female Military Personnel

Viewed: 30