Abstrakt

Fon: Uşaqlıq miomaları reproduktiv yaşda olan qadınlarda ən çox rast gəlinən xoşxassəli şişlər sırasındadır və sonsuzluğun, həmçinin mənfi reproduktiv nəticələrin əsas səbəblərindən birini təşkil edir. Xüsusilə, FIGO təsnifatına görə 3–6-cı tip miomalar endometriumun reseptivliyini poza və embrionun implantasiyasına mənfi təsir göstərə bilər ki, bu da onların müalicə və idarə olunmasını klinik baxımdan çətinləşdirir. Məqsəd: FIGO 3–6-cı tip uşaqlıq miomaları ilə əlaqəli ilkin və ikinci dərəcəli sonsuzluğu olan qadınlarda laparoskopik miomektomiyadan sonrakı reproduktiv nəticələri qiymətləndirmək. Material və Metodlar: Bu tədqiqata 26–41 yaş arası (orta yaş 33,4 ± 4,2) 32 qadın daxil edilmişdir. Xəstələrin 21-də (65,6%) ilkin, 11-də (34,4%) isə ikinci dərəcəli sonsuzluq diaqnozu qoyulmuşdur. Transvaginal ultrasəs müayinəsi əsasında bütün miomalar FIGO 3–6-cı tip kimi təsnif edilmişdir. Bütün hallarda laparoskopik konservativ miomektomiya icra edilmiş; miomalar diqqətlə enukleasiya olunmuş və miometriumdakı defekt ikiqat qatlı intrakorporal tikiş texnikası ilə bərpa edilmişdir. Reproduktiv nəticələri qiymətləndirmək məqsədilə xəstələr müşahidə altında saxlanılmışdır. Nəticələr: Bütün xəstələrdə hamiləlik əldə edilmişdir. Halların 12,5%-də mayalanma əməliyyatdan sonrakı ilk 6 ay ərzində, qalan hallarda isə 12 ay ərzində baş vermişdir. Xəstələrin 12,5%-də süni mayalanma (o cümlədən in vitro fertilizasiya) tələb olunmuş, əksəriyyətində isə təbii yolla mayalanma baş vermişdir. Hamiləliyin 34–36-cı həftələri arasında halların 28,1%-də dölyanı qişaların vaxtından əvvəl yırtılması (PROM) müşahidə edilmişdir. Bütün doğuşlar Qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilmişdir. Uşaqlıq yırtığı, ağır mamalıq ağırlaşmaları və ya perinatal ölüm halları qeydə alınmamışdır. Yekun: Laparoskopik miomektomiya FIGO 3–6-cı tip uşaqlıq miomaları olan qadınlarda reproduktiv funksiyanı qoruyan effektiv və təhlükəsiz cərrahi yanaşmadır. İkiqat qatlı tikiş texnikasının tətbiqi uşaqlığın adekvat bərpasını təmin edir və müsbət reproduktiv nəticələrə töhfə verir.

Əsas mətn

Giriş və aktuallıq: Uşaqlıq miomaları (leyomiomalar) reproduktiv yaşda qadınlarda ən geniş yayılmış xoşxassəli şişlərdən biri olub, sonsuzluğun və reproduktiv pozulmaların əsas səbəblərindən hesab olunur. Müasir məlumatlara görə, onların rastgəlmə tezliyi 20–40% arasında dəyişir və qadınların reproduktiv sağlamlığına əhəmiyyətli təsir göstərir. Miomalar həm uşaqlıq boşluğunun anatomiyasını dəyişdirərək, həm də endometriumun funksional vəziyyətinə təsir etməklə embrionun implantasiyasını çətinləşdirə və nəticədə sonsuzluğa, eləcə də hamiləliyin gedişində müxtəlif ağırlaşmalara səbəb ola bilər. Miomaların klinik əhəmiyyəti onların ölçüsü, sayı və xüsusilə lokalizasiyası ilə sıx bağlıdır. Bu baxımdan FIGO (International Federation of Gynecology and Obstetrics) tərəfindən təklif olunmuş təsnifat sistemi miomaların standartlaşdırılmış qiymətləndirilməsində və optimal müalicə taktikasının seçilməsində mühüm rol oynayır. Xüsusilə FIGO 3–6 tip miomalar miometriumun strukturuna təsir göstərərək reproduktiv funksiyanın pozulmasında əhəmiyyətli yer tutur. Hamiləlik dövründə estrogen və progesteron hormonlarının səviyyəsinin artması mioma düyünlərinin böyüməsinə təsir göstərə bilər. Bu hormonlar miometrium hüceyrələrinin proliferasiyasını stimullaşdıraraq leiomiomaların ölçüsünün artmasına səbəb olur, lakin bəzi hallarda miomaların ölçüsü stabil qala bilər. Son illərdə minimal invaziv cərrahiyyənin inkişafı ilə laparoskopik miomektomiya uşaqlıq miomalarının müalicəsində geniş tətbiq olunmağa başlamışdır. Minimal invaziv yanaşmalar, xüsusilə laparoskopik cərrahiyyə, müasir ginekologiyada cərrahi müalicənin əsas istiqamətlərindən biri kimi formalaşmış və bir çox klinik vəziyyətlərdə qızıl standart yanaşma kimi qəbul edilməkdədir. Bu metod daha az cərrahi travma, qısa hospitalizasiya müddəti, sürətli reabilitasiya və reproduktiv funksiyanın daha yaxşı qorunması ilə xarakterizə olunur. Bununla belə, FIGO 3–6 tip miomalar olan birincili və ikincili sonsuz qadınlarda laparoskopik miomektomiyadan sonra reproduktiv və hamiləlik nəticələrinə dair mövcud məlumatlar məhduddur və bəzi hallarda ziddiyyətlidir. Xüsusilə cərrahi texnikanın xüsusiyyətləri, o cümlədən miometriumun ikiqatlı tikişlə rekonstruksiyası, sonrakı hamiləliklərin gedişi və mamalıq nəticələr baxımından mühüm əhəmiyyət kəsb edir, lakin bu sahədə sübutlar hələ kifayət qədər deyil. Bu baxımdan FIGO 3–6 tip uşaqlıq miomaları olan birincili və ikincili sonsuz qadınlarda laparoskopik konservativ miomektomiyadan sonra reproduktiv nəticələrin kompleks qiymətləndirilməsi müasir mama-ginekologiyada həm elmi, həm də praktiki baxımdan aktual və əhəmiyyətli hesab olunur.

Material və metodlar. Tədqiqata yaşı 26–41 (orta yaş: 33,4 ± 4,2 il) arasında dəyişən 32 qadın daxil edilmişdir. Reproduktiv anamnezin təhlili zamanı 21 xəstədə (65,6%) birincili, 11 xəstədə (34,4%) isə ikincili sonsuzluq müəyyən edilmişdir. Tədqiqata daxil edilmə meyarlarına reproduktiv yaş dövründə olan, klinik və instrumental müayinələrlə təsdiqlənmiş FIGO 3–6 tip uşaqlıq miomaları və sonsuzluq diaqnozu olan qadınlar daxil edilmişdir. Uşaqlıq boşluğunu deformasiyaya uğradan submukoz miomalar (FIGO 0–2) tədqiqatdan kənarlaşdırılmışdır. Mioma düyünlərinin lokalizasiyası və ölçüləri transvaginal ultrasəs müayinəsi əsasında qiymətləndirilmiş və FIGO təsnifatına uyğun olaraq qruplaşdırılmışdır; düyünlərin ölçüləri əsasən 5–7 sm arasında olmuşdur.

Somatik vəziyyətin qiymətləndirilməsi zamanı 13 xəstədə (40,6%) hipotireoz, 22 xəstədə (68,8%) isə bədən kütlə indeksi (BMI ≥30 kq/m²) ilə xarakterizə olunan piylənmə müəyyən edilmişdir. Bu faktorlar potensial reproduktiv risk amilləri kimi nəzərə alınmışdır. Klinik simptomların təhlili zamanı 11 xəstədə (34,4%) hipermenstrual sindrom müşahidə olunmuş, xəstələrin əksəriyyətində müxtəlif dərəcədə dismenoreya qeydə alınmışdır. İkincili sonsuzluğu olan xəstələrin əksəriyyətində (9/11; 81,8%) əvvəlki hamiləliklər reproduktiv itkilərlə xarakterizə olunmuşdur. Bütün xəstələrdə digər sonsuzluq faktorlarının (tubal faktor, kişi faktoru və s.) istisna edilməsi məqsədilə standart klinik və laborator müayinələr aparılmışdır. Bütün xəstələrdə müasir minimal invaziv cərrahiyyə prinsiplərinə uyğun olaraq laparoskopik konservativ miyomektomiya icra edilmişdir. Əməliyyat zamanı mioma düyünləri enukleasiya olunmuş, adekvat hemostaz təmin edilmişdir. Miometrium defekti uşaqlıq divarının anatomik və funksional bütövlüyünü bərpa etmək məqsədilə ikiqatlı intrakorporal tikiş texnikası ilə rekonstruksiya olunmuşdur. Əməliyyat və erkən postoperativ dövr bütün hallarda fəsadsız keçmişdir. Əməliyyatdan sonra xəstələr dinamik müşahidə altında saxlanılmış və reproduktiv nəticələr qiymətləndirilmişdir.

Nəticələr. Aparılan müşahidələrin nəticələrinə əsasən, tədqiqata daxil edilən bütün xəstələrdə hamiləlik əldə olunmuşdur (100%), bu isə aparılmış cərrahi müdaxilənin yüksək effektivliyini və reproduktiv nəticələrə müsbət təsirini əks etdirir. Hamiləliyin başvermə müddətinin təhlili göstərmişdir ki, 4 xəstədə (12,5%) hamiləlik əməliyyatdan sonra ilk 6 ay ərzində baş vermiş, digər 28 xəstədə (87,5%) isə 12 ay müddətində qeydə alınmışdır ki, bu da reproduktiv potensialın əsasən erkən dövrdə bərpa olunduğunu göstərir. Reproduktiv nəticələrin qiymətləndirilməsi zamanı (cədvəl 2.) müəyyən edilmişdir ki, 4 xəstədə (12,5%) köməkçi reproduktiv texnologiyalara (in vitro fertilizasiya) ehtiyac olmuş, digər hallarda isə hamiləlik spontan baş vermişdir (87,5%), bu isə cərrahi müdaxilənin reproduktiv funksiyanın bərpasına birbaşa təsirini göstərir. İkincili sonsuzluğu olan xəstələr arasında əvvəlki reproduktiv itkilərin yüksək tezlikdə (9/11; 81,8%) müşahidə olunması bu qrupun ilkin olaraq yüksək risk kateqoriyasına aid olduğunu göstərir. Hamiləliklərin gedişinin təhlili zamanı 9 xəstədə (28,1%) 34–36 həftələrdə döl qişalarının vaxtından əvvəl cırılması (PROM) qeydə alınmış, 3 halda spontan doğuş fəaliyyəti başlanmışdır, lakin buna baxmayaraq, ciddi obstetrik ağırlaşmalar müşahidə olunmamışdır. Bütün hallarda doğuş Qeysəriyyə kəsiyi əməliyyatı ilə həyata keçirilmişdir ki, bu da əvvəl icra olunmuş miomektomiyadan sonra uşaqlıq divarının bütövlüyünü qorumağa yönəlmiş ehtiyatlı mamalıq taktikası ilə izah olunur. Neonatal dövrdə ciddi ağırlaşmalar və ya perinatal itkilər müşahidə olunmamışdır ki, bu da aparılmış cərrahi müdaxilənin və sonrakı klinik müşahidənin təhlükəsizliyini təsdiqləyir.

Müzakirə: Aparılan tədqiqatın nəticələri göstərir ki, FIGO 3–6 tip uşaqlıq miomaları olan birincili və ikincili sonsuz qadınlarda laparoskopik konservativ miomektomiya reproduktiv nəticələrin yaxşılaşmasına müsbət təsir göstərir. Əldə olunan nəticələr müasir ədəbiyyat məlumatları ilə uyğunluq təşkil edir və minimal invaziv yanaşmanın effektivliyini təsdiqləyir. Müasir yanaşmalara əsasən, minimal invaziv cərrahiyyə, xüsusilə laparoskopik miomektomiya, ginekoloji patologiyaların müalicəsində geniş tətbiq olunmaqla üstün seçim kimi qəbul edilir. Bu metod daha az cərrahi travma, qısa hospitalizasiya müddəti və sürətli reabilitasiya ilə yanaşı, reproduktiv funksiyanın qorunması baxımından da əhəmiyyətli üstünlüklərə malikdir. Əldə olunan nəticələr göstərir ki, əməliyyatdan sonra hamiləliklərin böyük hissəsi ilk 6–12 ay ərzində baş vermişdir ki, bu da cərrahi müdaxilənin fertilitenin bərpasına müsbət təsirini göstərir. Bu tədqiqatda cərrahi texnikaya xüsusi diqqət yetirilmişdir. Miometriumun ikiqatlı intrakorporal tikiş texnikası ilə rekonstruksiyası uşaqlıq divarının struktur möhkəmliyinin təmin olunmasına imkan vermişdir. Ədəbiyyat məlumatlarına görə adekvat uterin rekonstruksiya sonrakı hamiləliklərdə uterusun bütövlüyünün qorunmasında mühüm rol oynayır. Tədqiqatda qeydə alınan vaxtından əvvəl doğuş halları (34–36 həftələr) ədəbiyyatda göstərilən göstəricilərlə müqayisə oluna bilən səviyyədə olmuşdur və ciddi perinatal ağırlaşmalar müşahidə olunmamışdır. Bütün doğuşların Qeysəriyyə kəsiyi əməliyyatı ilə həyata keçirilməsi əvvəl icra olunmuş laparoskopik miomektomiyadan sonra seçilmiş ehtiyatlı mamalıq taktika ilə izah olunur. Tədqiqatın retrospektiv xarakter daşıması və nümunə sayının məhdud olması müəyyən məhdudiyyətlər yaradır. Buna baxmayaraq, əldə olunan nəticələr laparoskopik miomektomiyanın effektiv və təhlükəsiz üsul olduğunu göstərir.

Yekun. Aparılmış tədqiqatın nəticələri göstərir ki, FIGO 3–6 tip uşaqlıq miomaları ilə əlaqəli birincili və ikincili sonsuzluğu olan qadınlarda laparoskopik konservativ miomektomiya reproduktiv funksiyanın bərpası baxımından effektiv və təhlükəsiz cərrahi üsuldur. Əməliyyatdan sonra hamiləliyin əldə olunması və onun əsasən ilk 12 ay ərzində baş verməsi miomaların aradan qaldırılmasının reproduktiv potensialın bərpasına müsbət təsir göstərdiyini təsdiqləyir. Hamiləliklərin böyük hissəsinin spontan baş verməsi cərrahi müdaxilənin klinik effektivliyini bir daha nümayiş etdirir. Miometriumun ikiqatlı intrakorporal tikiş texnikası ilə rekonstruksiyası uşaqlıq divarının anatomik və funksional bütövlüyünü təmin edərək sonrakı hamiləliklərin təhlükəsiz gedişinə şərait yaradır. Uşaqlıq cırılması və ciddi mamalıq ağırlaşmaların müşahidə olunmaması seçilmiş cərrahi yanaşmanın etibarlılığını təsdiqləyir. Vaxtından əvvəl doğuş və döl qişalarının vaxtından əvvəl cırılması (PROM) hallarının müəyyən tezlikdə qeydə alınmasına baxmayaraq, neonatal nəticələrin qənaətbəxş olması antenatal müşahidə və doğuş taktikasının adekvatlığını göstərir. Beləliklə, laparoskopik konservativ miomektomiya FIGO 3–6 tip uşaqlıq miomaları olan sonsuz qadınlarda reproduktiv nəticələrin yaxşılaşdırılması üçün müasir mama-ginekologiyada tövsiyə oluna bilən, reproduktiv funksiyanı qoruyan effektiv cərrahi yanaşmadır.

Şəkillər

Açar sözlər

İstinadlar

1. Bulun SE. Uterine fibroids. N Engl J Med. 2019;381(8):762–773.

2. Stewart EA, Cookson CL, Gandolfo RA, Schulze-Rath R. Uterine fibroids. Lancet. 2021;397(10278):293–304.

3. Dolmans MM, Donnez J. Uterine fibroid management: from the present to the future. Hum Reprod Update. 2020;26(6):665–686.

4. Donnez J, Dolmans MM. Uterine fibroids and fertility: a critical review. Lancet. 2021;397(10278):293– 304.

5. Practice Committee of the American Society for Reproductive Medicine. Role of myomas in infertility. Fertil Steril. 2017.

6. Vilos GA, Allaire C, Laberge PY, Leyland N. The management of uterine leiomyomas. J Obstet Gynaecol Can. 2022.

7. Nezhat C, et al. Minimally invasive gynecologic surgery and reproductive outcomes. Fertil Steril. 2023.

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 30.Jun.2026

Müəllif hüququ

© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

REPRODUKTİV DÖVRDƏ HİPERANDROGENİYA SİNDROMLU QADINLARDA MÜASİR MÜALİCƏ ÜSULLARININ EFFEKTİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Baxılıb: 23