Abstrakt

Məqalədə sidik yolları infeksiyalarının (SYİ) və simptomsuz bakteriuriyanın hamiləliyin nəticələrinə təsiri ilə bağlı elmi ədəbiyyatın icmalının nəticələri təqdim olunur. Hamiləlik dövründə sidik yolları infeksiyalarının erkən aşkarlanması və müalicəsinin əhəmiyyəti çoxsaylı tədqiqatlarla təsdiqlənmiş və əksər ölkələrin klinik təlimatlarına daxil edilmişdir. Sidik yolları infeksiyalarının vaxtından əvvəl doğuş (VƏD) üçün risk amili olmasının bioloji cəhətdən əsaslandırılmasına baxmayaraq, mövcud elmi ədəbiyyatda ziddiyyətli nəticələr təqdim olunur ki, bu da mövcud sübutların hərtərəfli ümumiləşdirilməsini zəruri edir. Aparılmış təhlil göstərmişdir ki, mamalıq sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, vaxtından əvvəl doğuş hələ də qlobal ictimai səhiyyə problemi olaraq qalır. Hamilə qadınlarda sidik yolları infeksiyalarının erkən aşkarlanması və düzgün idarə olunması vaxtından əvvəl doğuş riskinin azaldılmasında mühüm rol oynayır. Gələcək tədqiqatlar əsas mexanizmlərin daha yaxşı başa düşülməsi və məqsədyönlü müdaxilə üsullarının hazırlanması üçün prospektiv tədqiqatlara və randomizə olunmuş nəzarətli klinik sınaqlara yönəldilməlidir. Hamiləlik dövründə sidik yolları infeksiyaları ilə vaxtından əvvəl doğuş arasındakı əlaqənin müəyyən edilməsi hamilə qadınlarda ciddi ağırlaşmaların qarşısının alınmasına yönəlmiş erkən aşkarlama və müalicə strategiyalarının hazırlanması üçün əsas yarada bilər.

Əsas mətn

Sidik yollarının infeksiyaları (SYİ), o cümlədən simptomsuz bakteruriya (SB), hamiləlik dövründə tez-tez rast gəlinən ağırlaşmalardandır. Ədəbiyyat məlumatlarına əsasən, SYİ hamilə qadınların 2%-dən 15%-ə qədərini təsir edir, lakin son məlumatlar bu göstəricinin daha yüksək ola biləcəyini göstərir. ABŞ-da aparılmış Milli Anadangəlmə Qüsurlar Tədqiqatının (41 869 qadın) məlumatları əsasında C.Y. Johnson və həmkarları müəyyən etmişlər ki, qadınların 11%-dən 26%-ə qədəri hamiləlik dövründə SYİ diaqnozu və/və ya müalicəsi barədə məlumat vermişdir. SYİ-nin əhəmiyyəti yalnız anada (məsələn, sistit, pielonefrit) fəsadların yaranması ilə deyil, həm də döl üçün, xüsusilə də vaxtından əvvəl doğuş (VƏD) kontekstində risklərin artması ilə bağlıdır. Hamiləlik dövründə simptomsuz bakteruriyanın (SB) skrininqi və müalicəsi bir çox ölkələrdə artıq uzun müddətdir ki, qəbul olunmuş praktikadır. Bu, tarixən aparılmış tədqiqatlarla əlaqədardır. Belə ki, SB müalicə olunmadıqda qadınların 30%-ində kəskin pielonefrit inkişaf edir ki, bu da VƏD riski ilə əlaqələndirilir. SYİ-nin ana və yenidoğulmuş üçün yaratdığı risklərlə bağlı ədəbiyyatda ziddiyyətli nəticələr mövcuddur.

Gestasiya dövründə SYİ-nin erkən aşkarlanması və müalicəsinin vacibliyi çoxsaylı araşdırmalarla təsdiqlənmişdir və bir çox ölkələrin klinik protokollarına daxil edilmişdir. SYİ ilə hamiləliyin mənfi sonluqları, o cümlədən VƏD arasında əlaqə klinik praktikada uzun zamandır tanınır. Lakin bu əlaqənin əsasını təşkil edən dəqiq mexanizmlər hələ də tam başa düşülməmişdir. SYİ-nin VƏD üçün risk faktoru olması bioloji baxımdan məntiqli sayılsa da, bu sahədəki tədqiqatların nəticələri müxtəlif və bəzən bir-birinə ziddir. Bu isə mövcud sübutların geniş və sistemli şəkildə təhlilinə ehtiyac olduğunu göstərir. Bu ədəbiyyat icmalının məqsədi — sidik yollarının infeksiyası və simptomsuz bakteruriyanın hamiləlik nəticələrinə təsiri ilə bağlı elmi mənbələrin araşdırılması olmuşdur.

2020–2024-cü illər arasında dərc olunmuş randomizə olunmuş klinik tədqiqatları və ədəbiyyat icmallarını aşkara çıxarmaq məqsədilə PubMed, Cochrane verilənlər bazası və ClinicalTrials.gov platformalarında onlayn axtarış aparılmışdır. Axtarış terminləri: sidik yollarının infeksiyası, simptomsuz bakteruriya, hamiləlik, vaxtından əvvəl doğuş. Ədəbiyyat axtarışı zamanı aşkarlanmış uyğun istinadlar da təhlilə daxil edilmişdir.

Hamiləlik dövründə SYİ törədən bakteriyalar, adətən hamilə olmayan qadınlarda infeksiya yaradanlarla eynidir. Sidik axarlarının genişlənməsi hamilə qadınların 90%-də baş verir və bu hal doğuşa qədər davam edir (hamiləliklə əlaqəli hidronefroz). Sidik kisəsinin həcminin artması, sidik kisəsi və sidik axarlarının tonusunun azalması nəticəsində sidik durğunluğu və uretrovezikal reflüks yaranır. Bu dəyişikliklər böyrəklərin bakterial reflükslərə qarşı müdafiəsini azaldır. Sidik durğunluğu zamanı bakterial rezervuarlar yarana bilər. Qan həcminin artmasına cavab olaraq qlomerulyar filtrasiya sürəti və diurez artır. Diurezin artması və sidik axarlarının tonusunun azalması nəticəsində sidik yollarında genişlənmə baş verir: ureterlər, böyrək ləyənciyi və kasacıqlar genişlənir. Bu proses hamiləliyin 10-cu həftəsində başlayır, hamiləlik boyu davam edir və doğuşdan sonra 6–12 həftə ərzində geriyə dönür. Progesteron həmçinin sidik axarının hamar əzələsini boşaldaraq sidik durğunluğuna səbəb olur.

Sidik, sidik kisəsi və sidik axarları pH, uretrovezikal klapan və digər immunoloji və selikli baryerlər səbəbindən normalda mikroblardan, viruslardan və göbələklərdən azaddır. SYİ-dən qorumanın əsas mexanizmi — sidik kisəsinin sidik ifrazı zamanı tam boşalmasıdır. Sidik yolları infeksiyasının patofiziologiyasına müxtəlif bakteriyalar təsir edə bilər; bu bakteriyalar sidik yollarına daxil olmaq qabiliyyətinə malikdir. Vaginal, perianal və nəcis florasından gələn bakteriyalar uretra girişinə yayılıb çoxalmağa başladıqda infeksiya inkişaf edir.

İnfeksiyanın patogenezi bağırsaq və ya dəri mənşəli bakteriyaların periuretral nahiyəni kolonizasiya etməsi ilə başlayır. Anatomik xüsusiyyətlər (qısa uretra, anusla yaxınlıq) səbəbindən qadınlarda yuxarı qalxan infeksiya riski daha yüksəkdir. Bakteriyaların sidik yolları epitelinə yapışmasının əsas mexanizmi — fimbrilərin (adhezivlərin) olmasıdır. Xüsusilə E. coli bakteriyasında olan P tipli fimbrilər uroteliyə möhkəm yapışmanı təmin edir.

Sidik yollarının normal qoruyucu baryerlərinə aşağıdakılar daxildir:
* regulyar sidik ifrazı (bakteriyaların mexaniki yuyulması),
* sidiyin turşuluğu,
* uropitelin antibakterial xüsusiyyətləri (o cümlədən interleykinlər və antimikrob peptidlərin ifrazı),
* anadangəlmə və qazanılmış immun müdafiə komponentləri.

Bəzi patogen mikroorqanizmlər, məsələn Proteus spp., ureaza fermenti sintez edir, bu isə sidikdə olan karbamidi ammonyaka parçalayaraq sidiyin pH-nı artırır, nəticədə struvit daşları yaranır və uroepitel funksiyası pozulur. Bakteriyalar həmçinin biofilm formalaşdıra bilər ki, bu da onları immun sistem və antibiotiklərə qarşı davamlı edir.

Bakteriyalar sidik yollarının selikli qişasına daxil olduqda anadangəlmə immun sistem aktivləşir:
* epitel hüceyrələri bakterial nümunələri Toll-oxşar reseptorlarla (TLR) tanıyır;
* proiltihab sitokinlərinin (IL-6, IL-8, TNF-α) istehsalı artır;
*  neytrofillər, makrofaqlar və digər iltihab hüceyrələri cəlb olunur və bu da klassik klinik simptomlara gətirib çıxarır: dizuriya, poliuriya, çanaqüstü ağrı, hematuriya, hərarət (pielonefrit zamanı).

Böyrək toxuması prosesə qoşulduqda, çapıqlaşma riski ilə müşayiət olunan kəskin pielonefrit inkişaf edir ki, bu da xüsusilə uşaqlarda və hamilə qadınlarda təhlükəlidir.

İnfeksiyanın əsas yayılma yolu yuxarı qalxan yoldur: uretradan → sidik kisəsinə → sidik axarlarına → böyrəklərə. Hematogen yol daha nadir hallarda rast gəlinir və adətən ağır sistemik infeksiyalar və bakteriemiya (məsələn, stafilokokk infeksiyası) zamanı müşahidə olunur.

SYİ inkişafı riskini artıran vəziyyətlər: anatomik anomaliyalar (reflüks, obstruksiyalar); hamiləlik (hormonal dəyişikliklər, sidik axarlarının mexaniki sıxılması); şəkərli diabet; sidik kisəsinin kateterizasiyası; immunosupressiya. Sidiyin axınının pozulması və ya onun bakterisid xüsusiyyətlərinin azalması mikroorqanizmlərin çoxalması və davamlılığı üçün şərait yaradır.

Sidik yolları infeksiyası fonunda vaxtından əvvəl doğuşlar (VƏD) iltihabi kaskad, hormonal balansın pozulması və uşaqlığın yığılma aktivliyinin artması ilə bağlıdır. Xüsusilə pielonefrit və simptomsuz bakteruriya sistemik iltihabi reaksiyaya səbəb ola bilər ki, bu da fetoplasentar kompleksi təsirləndirir.

Patogenetik hadisələrin ardıcıllığı:

1. Sidik yollarının infeksiyası
*  Escherichia coli, Proteus, Klebsiella və s.
* Lokal iltihab → sistit, pielonefrit, bakteruriya

2. Sistemik iltihabi cavab
*  Proiltihabi sitokinlərin ifrazı: IL-1β, IL-6, TNF-α
*  Leykositlərin və prostaglandinlərin (PGE2, PGF2α) aktivləşməsi

3. Uşaqlıq yığılmalarının aktivləşməsi
*  Sitokinlər uşaqlıqda prostaglandin istehsalını artırır
*  Progesteron çatışmazlığı / reseptorların funksional blokadası
* Miometriumun (uşaqlıq əzələsinin) həssaslığının artması

4. Uşaqlıq boynunun yetişməsi və açılması
*  Metalloproteinazaların aktivliyinin artması
*  Uşaqlıq boynunun yumşalması və qısalması
* Uşaqlıq daxilində təzyiqin artması

5. Döl qişalarının cırılması
* İltihab təsiri ilə döl qişalarının vaxtından əvvəl cırılması

6. Doğuş fəaliyyətinin başlanması
*  Aktiv uşaqlıq yığılmaları
* Uşaqlıq boynunun genişlənməsi
*  Vaxtından əvvəl doğuş

Hamiləlik dövründə sidik yolları infeksiyalarının (SYİ) inkişaf riskini artıran amillərə gənc ana yaşı, ilk doğuş, şəkərli diabet, əvvəlki SYİ halları, anatomik anomaliyalar, qidalanma çatışmazlığı və aşağı sosial-iqtisadi status daxildir. Cinsiyyət orqanlarının gigiyenasına riayət etmə praktikasının SYİ riski ilə əlaqəli olduğu bildirilmişdir, lakin bu barədə elmi sübutlar azdır.

Əlavə risk faktorları:
* Hamiləlik dövründə simptomsuz bakteruriya (xüsusilə müalicə olunmadıqda);
* Plasentar qan axınının pozulması;
* Decidua toxumasının infeksion zədələnməsi.

İnfeksion-iltiihabi biomarkerlər:
*  C-reaktiv zülalın (CRP) artması;
*  Qanda leykositlərin artması;
*  Servikal ifrazatdadə fibronektin səviyyəsinin yüksəlməsi.

İnfeksiya sistemik iltihabi reaksiya da yarada bilər. Bu zaman sitokinlər ifraz olunur, onlar isə uşaqlığın yığılma qabiliyyətini və uşaqlıq boynunun yetişməsini stimullaşdırır. Hətta simptomsuz bakteruriya belə sidik yollarında və ətraf toxumalarda lokal iltihab yarada bilər. Bu iltihab genişlənərək uşaqlıq və uşaqlıq boynunu qıcıqlandıra, nəticədə uşaqlıq yığılmaları və uşaqlıq boynunun açılması baş verə bilər.

Orqanizmin infeksiyaya reaksiyası iltihabi sitokinlərin və xemokinlərin ifrazını əhatə edə bilər. Bu molekullar qan dövranı ilə yayılaraq uşaqlıq aktivliyini stimullaşdıra bilər və bu da vaxtından əvvəl doğuşa (VƏD) səbəb ola bilər. SYİ-yə səbəb olan bakteriyalar adətən sidik yolları ilə məhdudlaşsa da, onların digər sahələrə — məsələn, amnion kisəsi və plasentaya keçmək ehtimalı var. Bu invaziya immun reaksiyaya, nəticədə VƏD-in başlanmasına səbəb ola bilər.

Simptomsuz bakteruriya (SB) — heç bir klinik simptom müşahidə olunmadan və piyuriya (sidikdə irin) olub-olmamasından asılı olmayaraq, bir və ya bir neçə bakteriya növünün ≥103 KOE/ml miqdarında sidik nümunəsində müəyyən olunması ilə xarakterizə olunur.

Hamilə qadınlar arasında simptomsuz bakteruriyanın yayılması yüksək gəlirli ölkələrdə 2–7% təşkil edir, lakin Nigeriyada bu göstərici 25–45%, Efiopiyada isə 21%-dir. Müalicə olunmadıqda, hamilə qadınların 86%-ində simptomsuz bakteruriya qalıcı olur.

Müalicə olunmayan SB-nin mənfi ana və yenidoğulmuş nəticələrlə, xüsusilə vaxtından əvvəl doğuşla əlaqəli olduğu qeyd olunmuşdur. Bununla belə, SB-nin doğuş nəticələrinə təsiri ilə bağlı sübutlar ziddiyyətlidir — tarixi və bəzi müasir tədqiqatlar VƏD ilə əlaqəni göstərsə də, ümumi nəticələr hələ də yekdil deyil.

Vaxtından əvvəl doğuşlar — 37 həftəlik hamiləlik tamamlanmadan baş verən doğuşlar — qlobal ictimai səhiyyə üçün mühüm problemdir. 2020-ci ildə dünyada VƏD yayılmasının 9,9% (etibarlılıq intervalı 9,1–11,2%) olduğu təxmin edilmiş, bu da təxminən 13,4 milyon vaxtından əvvəl doğulmuş canlı doğumu təşkil etmişdir (12,3–15,2 milyon aralığında).

VƏD-in yaranma səbəbi çoxfaktorludur və genetik, ekoloji və sosial-demoqrafik amillərin kompleks qarşılıqlı təsirini əhatə edir. Bu risk amilləri arasında amniotik maye və aşağı genital yolların infeksiyaları, habelə hamiləlik dövründə baş verən iltihab halları, doğuşun başlanmasında və VƏD-in inkişafında mühüm rol oynaya bilər.

Mövcud sübutlar göstərir ki, amniotik boşluğa mikrob keçməsi, anada sidik-cinsiyyət sistemi infeksiyaları və sistemik iltihabi reaksiyalar, ana və döl arasında olan immun tolerantlıq balansını poza bilər və bu da vaxtından əvvəl doğuşa gətirib çıxara bilər. Yeni məlumatlara əsasən, sidik yolları infeksiyaları VƏD patogenezində bir neçə mümkün mexanizm vasitəsilə iştirak edə bilər. Birincisi, aşağı sidik yollarından yuxarı reproduktiv orqanlara — o cümlədən uşaqlığa və döl qişalarına bakterial yayılma, lokal iltihaba və son nəticədə doğuşun başlamasına səbəb ola bilər. Bundan əlavə, SYİ proiltihabi sitokinlərin və xemokinlərin ifrazı ilə xarakterizə olunan sistemik iltihabi reaksiyalara səbəb ola bilər və bu da uşaqlığın yığılma qabiliyyətini və uşaqlıq boynunun yetişməsini stimullaşdırır.

E. Wang və digərləri tərəfindən aparılan sistematik icmal və metaanalizdə hamiləlik dövründə SYİ ilə VƏD riski arasındakı əlaqə qiymətləndirilib. Müəlliflər bir neçə məlumat bazasında müşahidə tədqiqatlarını axtarıblar və onları VƏD-əsaslı (VƏD olan və olmayan qadınlarda SYİ yayılmasını müqayisə edən) və SYİ-əsaslı (SYİ olan və olmayan qadınlarda VƏD tezliyini müqayisə edən) olaraq təsnifləndiriblər. Stata 17.0 proqramında təsadüfi təsir modeli ilə ümumi və düzəldilmiş odds nisbətləri (OR) 95% etibarlılıq intervalları (CI) ilə hesablanıb. Alt qrupların analizi, həssaslıq analizi və kumulyativ analiz heterojenliyi aşkar etmək üçün aparılmışdır.

Ümumilikdə 30 tədqiqat (32 məlumat dəsti) daxil edilmişdir, 249 810 pasiyent və 2 626 985 nəzarət subyekti iştirak etmişdir. Metaanaliz nəticəsində hamiləlik zamanı SYİ ilə VƏD riski arasında əhəmiyyətli pozitiv əlaqə müəyyən edilmişdir (OR 1,92; 95% CI 1,62–2,27). Alt qrup analizi göstərmişdir ki, bu əlaqə həm VƏD-əsaslı (OR 2,01; 95% CI 1,58–2,56), həm də SYİ-əsaslı (OR 1,79; 95% CI 1,42–2,26) araşdırmalarda əhəmiyyətlidir. Lakin Egger testi nəticəsində nəşr qərəzliyi müşahidə olunmuşdur (p = 0,020), və bütün daxil edilmiş tədqiqatlarda əlamətdar heterojenlik mövcuddur (p < 0,001).

Bu nəticələr hamilə qadınlarda SYİ-nin erkən aşkarlanmasının və effektiv müalicəsinin VƏD riskini və əlaqəli fəsadları azaltmaq baxımından kritik əhəmiyyətini vurğulayır. Lakin nəticələrin şərhində nəşr qərəzliyinin və heterojenliyin təsiri nəzərə alınmalıdır. Əsas mexanizmləri daha dərindən anlamaq və yüksək riskli hamilə qadınlar üçün hədəf müdaxilələr hazırlamaq məqsədilə əlavə araşdırmalara ehtiyac vardır.

N. Pangastuti və digərləri retrospektiv kohort tədqiqatın nəticələrini təqdim etmişlər. Müəlliflər 2015-ci ilin yanvar-dekabr ayları ərzində pasiyentlərin tibbi kartları əsasında SYİ və VƏD yayılmasını təhlil etmişlər. Tədqiqatın seçmə qrupu 45 VƏD olan pasiyentin tibbi kartlarını əhatə etmişdir. Bu qrupdan yalnız 25 pasiyent (55,6%) sidik analizindən keçmişdir. Bu 25 nəfərdən 60%-də SYİ aşkar edilmişdir və onların hamısında VƏD baş vermişdir. Nəticədə 15 pasiyentin 13-də (86,7%) bakteruriya simptomsuz olmuşdur. Lakin bakteruriya ilə VƏD arasında statistik əhəmiyyətli əlaqə aşkar edilməmişdir (p = 0,581). Çoxamilli logistik reqressiya analizi göstərmişdir ki, VƏD birbaşa SYİ (p = 0,704), gestasiya yaşı (p = 0,274), SYİ simptomları (p = 0,699), SYİ tarixçəsi (p = 0,999) ilə əlaqəli deyildir. Bu tədqiqatın nəticələri göstərir ki, VƏD SYİ ilə əlaqəli olmaya bilər. Müəlliflər digər səbəblərin araşdırılmasını tövsiyə edirlər. Lakin VƏD olan pasiyentlərdə simptomsuz bakteruriyanın aşkarlanması, bunun potensial risk faktoru ola biləcəyini göstərir. Bu səbəbdən hamilə qadınlar üçün rutin sidik analizinin aparılması profilaktik tədbir kimi tövsiyə olunur.

M. Abdea və digərlərinin sistematik icmalının məqsədi müalicə olunmamış/müalicə olunmuş simptomsuz bakteruriya (SB) (eyni bakteriyaların 103 KOE/ml səviyyəsində iki ardıcıl sidik mədəniyyətində simptomsuz aşkarlanması) ilə hamiləlik nəticələri arasındakı əlaqəni araşdırmaq olmuşdur. On dörd tədqiqat bu icmala daxil edilmişdir. SB ilə vaxtından əvvəl doğuş (VƏD) arasındakı əlaqə barədə ziddiyyətli nəticələr əldə edilmişdir. Müəlliflər hesab edirlər ki, bu mövzuda daha müasir və yüksək keyfiyyətli tədqiqatlara ehtiyac vardır.

Hamilə qadınlar arasında bakteruriyanın (simptomatik və simptomsuz) yayılma nisbəti və onun VƏD ilə əlaqəsi qiymətləndirildikdə, məlum olmuşdur ki, bakteruriya bəzi bölgələrdə gözlənildiyindən daha çox yayılmışdır və VƏD ilə əhəmiyyətli əlaqəyə malikdir.

HRW Piazzolla və digərləri apardıqları sistematik icmalda hamiləlik dövründə əhəmiyyətli bakteruriya ilə vaxtından əvvəl doğuş (VƏD) arasında əlaqə olduğunu müəyyən etmişlər. Lakin müəlliflər qeyd edirlər ki, mövcud sübutların keyfiyyəti bu əlaqənin yalnız yanaşı gedən faktorların nəticəsi olub-olmadığını müəyyən etmək üçün kifayət deyil. Hamiləlik zamanı bakteruriyanın aktiv şəkildə aşkarlanmasını dəstəkləyən yüksək keyfiyyətli sübutlar hələ ki, mövcud deyil.

V. Sukchalermchai və digərlərinin məlumatına əsasən, Taylandda hamilə qadınlar arasında simptomsuz bakteruriya ilə VƏD arasındakı yayılma nisbəti aşağı olmuşdur.

VƏD-in patogenezi bakteriyaların olması, iltihabi proseslər və orqanizmin infeksiyaya verdiyi cavab kimi amillərin mürəkkəb qarşılıqlı təsirindən ibarətdir. Müalicə olunmamış və ya adekvat nəzarət edilməyən sidik yolları infeksiyaları (SYİ), məsələn, pielonefritə gətirib çıxara bilər və bu da VƏD riskini daha da artırır.

Hamiləlik özü hormonların dəyişməsi ilə müşayiət olunur, bu da sidik yollarını infeksiyaya qarşı daha həssas edir. Eyni zamanda bu hormonal dəyişikliklər uşaqlığın doğuşa hazır vəziyyətinə də təsir göstərə bilər.

Əvvəl SYİ keçirmiş qadınlar, hamiləlik dövründə bu infeksiyalarla yenidən qarşılaşmaq ehtimalı yüksək olan qrup hesab olunur və VƏD riski daha artıqdır.

Hamilə qadınların əhəmiyyətli bir hissəsində simptomsuz bakteruriya (SB), yəni aşkar simptomlar olmadan sidikdə bakteriyaların olması müşahidə olunur. Bu hal müalicə olunmazsa, VƏD ilə əlaqələndirilə bilər. Hamiləlik zamanı SYİ-nin ən çox yayılmış səbəbi Escherichia coli olub və bu bakteriya da VƏD ilə əlaqəli ola bilər. SYİ və SB üçün antenatal dövrdə müntəzəm skrininq aparılması çox vacibdir.

Hamiləlik dövründə sidik-cinsiyyət sistemində mühüm fizioloji dəyişikliklər baş verir, bu da SYİ və pielonefritin yaranmasına əhəmiyyətli dərəcədə təsir edir. Hamiləlik zamanı sidikdə qlükoza və amin turşularının səviyyəsinin yüksəlməsi də SYİ üçün əlavə səbəblərdir. Qlükozuriya adlanan bu hal, proksimal borucuq və Henlenin ilgəyində qlükozanın reabsorbsiyasının pozulması ilə əlaqəlidir. Bəzi tədqiqatçılar hipotez irəli sürmüşlər ki, qlükozanın olması E.colinin uroepitelə yapışmasına mane ola bilər.

Hamiləliklə əlaqədar baş verən fizioloji dəyişikliklər səbəbindən, hamilə qadınlar immun müdafiəsi zəif olan potensial infeksiya daşıyıcıları kimi qiymətləndirilirlər. Bundan əlavə, hamiləlik zamanı sidik ifrazı artır, bu da bakteriyaların artmasını təşviq edir.

Yekun. Mamalıq sahəsində əldə olunan nailiyyətlərə baxmayaraq, vaxtından əvvəl doğuşlar hələ də qlobal səhiyyə problemi olaraq qalır. Hamilə qadınlarda sidik yolları infeksiyalarının erkən aşkarlanması və müalicəsi, VƏD riskinin azaldılmasında mühüm rol oynayır. Gələcək tədqiqatlar, prospektiv müşahidələrə və təsadüfi seçmə ilə aparılan nəzarətli klinik sınaqlara yönəlməlidir ki, əsas mexanizmlər daha yaxşı başa düşülsün və hədəf müdaxilələr hazırlanmış olsun. Hamiləlik dövründə SYİ və VƏD arasındakı əlaqənin aşkar edilməsi, hamilə qadınlarda ciddi fəsadların qarşısının alınması məqsədilə erkən aşkarlama və müalicəyə yönəlmiş tədbirlərin əsasını təşkil edə bilər.

Şəkillər

Açar sözlər

İstinadlar

1. Ansaldi Y, Martinez de Tejada Weber B. Urinary tract infections in pregnancy. Clin Microbiol Infect. 2023;29(10):1249-1253. doi: 10.1016/j.cmi.2022.08.015.

2. Johnson CY, Rocheleau CM, Howley MM, Chiu SK, Arnold KE, Ailes EC. Characteristics of Women with Urinary Tract Infection in Pregnancy. J Womens Health (Larchmt). 2021;30(11):1556-1564. doi: 10.1089/jwh.2020.8946.

3. Kalinderi K, Delkos D, Kalinderis M, Athanasiadis A, Kalogiannidis I. Urinary tract infection during pregnancy: current concepts on a common multifaceted problem. J Obstet Gynaecol. 2018;38(4):448- 453. doi: 10.1080/01443615.2017.1370579.

4. Angelescu K, Nussbaumer-Streit B, Sieben W, Scheibler F, Gartlehner G. Benefits and harms of screening for and treatment of asymptomatic bacteriuria in pregnancy: a systematic review. BMC Pregnancy Childbirth. 2016;16(1):336. doi: 10.1186/s12884-016-1128-0.

5. Perin J, Mulick A, Yeung D, Villavicencio F, Lopez G, Strong KL, et al. Global, regional, and national causes of under-5 mortality in 2000-19: an updated systematic analysis with implications for the Sustainable Development Goals Lancet Child Adolesc Health. 2022;6:106-15.

6. Belete MA, Saravanan M. A Systematic Review on Drug Resistant Urinary Tract Infection Among Pregnant Women in Developing Countries in Africa and Asia; 2005-2016. Infect Drug Resist. 2020;13:1465-1477. doi: 10.2147/IDR.S250654.

7. Lee AC, Mullany LC, Koffi AK, Rafiqullah I, Khanam R, Folger LV, et al. Urinary tract infections in pregnancy in a rural population of Bangladesh: population-based prevalence, risk factors, etiology, and antibiotic resistance. BMC Pregnancy Childbirth. 2019;20(1):1. doi: 10.1186/s12884-019-2665-0.

8. Piazzolla HRW, Modin F, Halkjær SI, Petersen AM, Calum H, Holm A. The association between bacteriuria and adverse pregnancy outcomes: a systematic review and meta-analysis of observational studies. Journal of Antimicrobial Chemotherapy, 2024; 79(2): 241–254, doi: 10.1093/jac/dad374

9. Nicolle LE, Gupta K, Bradley SF, Colgan R, DeMuri GP, Drekonja D, et al. Clinical Practice Guideline for the Management of Asymptomatic Bacteriuria: 2019 Update by the Infectious Diseases Society of America. Clin Infect Dis.; 68(10):e83-e110. doi: 10.1093/cid/ciy1121.

10. Awoke N, Tekalign T, Teshome M, Lolaso T, Dendir G, Obsa MS. Bacterial Profile and asymptomatic bacteriuria among pregnant women in Africa: A systematic review and metaanalysis. EClinicalMedicine. 2021;37:100952. doi: 10.1016/j.eclinm.2021.100952.

11. Greve VH, Greve T, Helmig RB. Bacteriuria in Pregnancy in a Danish Contemporary Cohort of Women. Infect Dis Obstet Gynecol. 2020;2020:8398537. doi: 10.1155/2020/8398537.

12. Ohuma EO, Moller AB, Bradley E, Chakwera S, Hussain-Alkhateeb L, Lewin A, et al. National, regional, and global estimates of preterm birth in 2020, with trends from 2010: a systematic analysis. Lancet. 2023;402:1261-71.

13. Areia AL, Mota-Pinto A. Inflammation and preterm birth: a systematic review. Reprod Med. 2022;3(2):101-111. doi.org/10.3390/reprodmed3020009

14. Daskalakis G, Psarris A, Koutras A, Fasoulakis Z, Prokopakis I, Varthaliti A, et al. Maternal infection and preterm birth: from molecular basis to clinical implications. Children (Basel). 2023;10:907.

15. Kline KA, Lewis AL. Gram-positive uropathogens, polymicrobial urinary tract infection, and the emerging microbiota of the urinary tract. Microbiol Spectr. 2016;4:1-54.

16. Adu-Bonsaffoh K, Bayor F. Pathophysiological mechanisms of maternal pro-inflammatory mediators in preterm labour. J Physiol Pathophysiol. 2022;13:1-16.

17. Wang E., Tang P., Chen C. Urinary tract infections and risk of preterm birth: a systematic review and meta-analysis. Rev Inst Med Trop São Paulo. 2024;66:e54. DOI: 10.1590/s1678-9946202466054

18. Pangastuti N, Indraswari LN, Prawitasari S. Urinary Tract Infection as a Risk Factor for Preterm Delivery: A Tertiary Hospital-Based Study. Indonesian Journal of obstetrics and gynecology. 2019; 7(2: 105-109.

19. Abdea M, Weisa N, Kjærbye-Thygesend A, Moseholm E. Association between asymptomatic bacteriuria in pregnancy and adverse pregnancy- and births outcomes. A systematic review. European Journal Obstetrics and Gynecology and reproductive biology. 2024; 302:116-124. doi: 10.1016/j.ejogrb.2024.09.001

20. Devi YG, Singson K, Chongtham U, Devi TS. Bacteriuria with preterm labour in pregnant women: A prospective study. International Journal of Academic Medicine and Pharmacy. 2023; 5 (1); 363- 367. doi: 10.47009/jamp.2023.5.1.75

21. Sukchalermchai V. Sompagdee N, Talungchit P, Ruangvutilert P, Phattanachindakun B. Asymptomatic Bacteriuria in Thai Pregnant Women with Preterm Delivery: Prevalence, Pathogens and Pregnancy Outcomes. Thai J Obstet Gynaecol 2023, 31, 99-106.

22. Schneeberger C, Erwich JJHM, van den Heuvel ER, Mol BWJ, Ott A, Geerlings SE. Asymptomatic bacteriuria and urinary tract infection in pregnant women with and without diabetes: Cohort study. Eur J Obstet Gynecol Reprod Biol. 2018; 222:176-181. doi: 10.1016/j.ejogrb.2017.12.013.

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 30.Nov.2025

Müəllif hüququ

© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

TZP (TROMBOSİTLƏRLƏ ZƏNGİNLƏŞDİRİLMİŞ PLAZMA) VƏ KÖK HÜCEYRƏ TERAPİYASININ ENDOMETRİAL RESEPTİVLİYİN BƏRPASINDA EFFEKTİVLİYİNİN MÜQAYİSƏLİ TƏHLİLİ

Baxılıb: 40