Abstrakt

Ginekoloji xəstəliklərin ən çox rast gəlinən səbəblərindən biri hiperandrogeniya sindromudur (HA) [1-3]. Hiperandrogeniya sin-dromlu qadınların müayinəsində çətinlik bu sindromun polietioloji, heterogen, polimorf xüsusiyyətləri, klinik təzahürlərinin fərqli olması, gediş xüsusiyyətlərinin və diaqnostik müayinə üsullarının müxtəlifliyi ilə əlaqədardır. Müayinələrin nəticələrinin interpritasiyasında çətinliklərin yaranması yeni elmi tədqiqat işlərinin aparılması, diaqnostik müayinə üsullarında vahid sistem yanaşmanın təkmilləşdirilməsi və müasir korreksiya üsullarından istifadə edilməsi zərurətini doğurur [4,5]. Ümumdünya Səhiyyə Təşkilatının strategiyasına uyğun olaraq, ənənəvi və bir-birini tamamlayan təbabətin dünyanın səhiyyə sistemlərinə inteqrasiya etməsidir və Ümumdünya Səhiyyə Təşkilatı Ənənəvi və Tamamlayıcı Təbabətin (Tradicional & Complementar Medicine (T&CM)) təhlükəsiz və effektiv kimi istifadəsini təşviq edir. Son illər biotənzimləyici terapiya geniş vüsət almışdır. Orqanizmdən homotoksinlərin xaric edilməsi və onların yaratdıqları patoloji reaksiyaların aradan götürülməsi biotənzimləyici terapiyanın əsas prinsipləridir. Başqa sözlə desək, istifadə olunan biotənzimləyici preparatlarla müalicə orqanizmin əsas tənzimləyici sistemlərini əhatə edən patogenetik müalicədir. Təcrübi praktikada qeyd olunan preparatlar geniş yayılmışdır və bu preparatlardan çox istifadə olunur [6,7].

Əsas mətn

HA olan qadınlarda hipotalamus-hipofizyu-murtalıq-böyrəküstü vəzi sistemində baş verən dəyişikliklər menstrual və generativ funksiyaların pozulmasına, dəri örtüyünün androgendənasılı sahələrində patoloji tüklənməyə, xarici görünüşün dəyişilməsinə, səs, dəri, sümük-əzələ sistemi, süd vəziləri və cinsiyyət orqanlarında olan dəyişikliklərə gətirib çıxarır [8,9].
Mövzunun aktuallığını nəzərə alaraq tədqiqatın məqsədi müəyyən edilmişdir. Tədqiqatın məqsədi reproduktiv yaş dövründə hiperandrogeniyalı qadınlarda müasir müalicə üsullarının və biotənzimləyici müalicənin kompleks təyininin effektivliyinin qiymətləndirilməsi olmuşdur.

Tədqiqatın material və metodları. Tədqiqata reproduktiv dövrdə hiperandrogeniyanın klinik təzahürləri olan 367 qadın cəlb edilmişdir. Bu qadınlarda kompleks patogenetik müalicədən əvvəl və sonra qanda hormonların səviyyələri təyin olunmuşdur.

Reproduktiv dövrdə müayinə olunan 367 qadının orta yaşı 28,57±0,45 yaş olmuş və 19-44 yaş arasında tərəddüd etmişdir. Müayinə olunan qadınlarda menarxe 14,24±0,11 (11-18) yaşda baş vermişdir. 367 xəstədən 190-ında (51,8 %) aybaşı qeyri-müntəzəm, 177-ində isə (48,2 %) müntəzəm olmuşdur. Reproduktiv dövrdə HA sindromu olan qadınlarda Ferriman-Qolvey şkalasına görə hirsud rəqəm 15,62±0,20 (11-24) bal, hormonal rəqəm 12,83±0,17 (9-21) bal, indiferent rəqəm isə 2,84±0,007 (2-6) bal təşkil etmişdir, bu da orta ağır dərəcəli hirsutizmi əks etdirmişdir.

Patogenetik müalicədən əvvəl və sonra, eləcə də müqayisə qruplarında hormonal müayinələr aparılmışdır. Tədqiqat zamanı qan zərdabında folli-kulstimuləedici hormon (FSH), lüteinləşdirici hormon (LH), LH-ın FSH-a nisbəti (LH/FSH), tireosti-muləedici hormon (TSH), prolaktin (Prl), estradiol (E2), progesteron, ümumi testosteron (Tümumi), dehid-roepiandrosteronsulfat (DHEA-S), kortizol (K), 17-hidroksiprogesteron (17-OHP), sərbəst triyodtironin (T3 sərbəst), sərbəst tiroksin (T4 sərbəst), cinsi hormon bağlayıcı qlobulin (CHBQ) təyin edilmişdir.
Hormonlar a) tam avtomat rejimdə; b) abbot-arxitekt reagentlərini tətbiq etməklə; c) EXL (hemolü-minessensiya) üsulu ilə; d) ARC-i 1000 (arxitekt-i 1000 Abbot ABŞ istehsalı) cihazında təyin edilmişdir. Hormonal müayinələr Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının və “Bioloji Təbabət” MMC klinikasının laboratoriyalarında icra edilmişdir.

Tədqiqat nəticəsində reproduktiv dövrdə olan 367 xəstənin 68-ində (18,5 %) hiperprolaktinemiya, 120-ində (32,7 %) yumurtalıqların polikistoz sindromu 107 (YPS), 46-ında (12,5 %) hipotireoz, 25-ində (6,8 %) hipoqonadotrop hipoqonadizm, 21-də (5,7 %) hiperqonadotrop hipoqonadizm, 23-ündə (6,3 %) piylənmə, 17-ində (4,6 %) hipertireoz, 13-ündə (3,5%) böyrəküstü vəzinin patologiyaları, 11-ində (3 %) idiopatik hirsutizm, 9-unda (2,5 %) medikamentoz hiperandrogeniya, 2-ində (1,9 %) yumurtalıqların şiş və şişəbənzər törəmələri aşkar edilmişdir. Aparılan tədqiqatda müxtəlif mənşəli HA sindromu olan qadınlarda hormonların göstəriciləri öyrənilmişdir. Alınan nəticələr aşağıdakı cədvəl 1-də təqdim edilmişdir.

Cədvəldən göründüyü kimi, reproduktiv dövrdə müxtəlif mənşəli HA olan qadınlarda LH, LH/FSH, E1, 17-OHP, Tümumi, K, An, DHEA-S-nin səviyyəsi reproduktiv dövrdə olan praktik sağlam qadınlarla müqayisədə statistik dürüst dərəcədə yüksək, E2, CHBQ-nin səviyyəsi isə nəzərəçarpacaq qədər aşağı olmuşdur (P<0,05). Beləliklə, reproduktiv dövrdə müxtəlif mənşəli HA sindromu özünü LH (11,57±0,53 mİU/ml), LH/FSH (1,9±0,09), E1 (124,16±3,42 ng/ml), 17-OHP(1,0±0,04  ng/ml),  Tümumi  (1,0±0,04  ng/ml), K(124,82±1,75 ng/ml), An (3,27±0,07 ng/ml), DHEA-S-nin (2,96±0,13 pg/ml) artması, E2 (70,97±2,1 pg/ml) və CHBQ-nin (43,46±1,53 nmol/l) azalması ilə biruzə verir.

Müalicə HA-nı yaradan səbəblərdən asılı olaraq aparılmışdır. Xalis hiperprolaktinemiyalı (HP) qadınlarda müalicə D2 dofamin reseptorlarının aqonis-ti- kaberqolinlə (Dostineks) aparılmışdır. Dostineks həftədə 0,5-1 mq olmaqla və həftəlik doza iki hissəyə bölünməklə təyin edilmişdir. Qeyri-şiş mənşəli HP-də Dostinekslə müalicə 6-8 aydan, mikroadenomada isə 12 aydan az olmayaraq aparılmışdır. Dostinekslə müalicəyə başlayan HP-li qadınlara 3 ay sonra Alma-niyanın Heel şirkətinin Ovarium Compositum və Hormeel S preparatları ilə biotənzimləyici müalicə təyin edilmişdir. Antihomotoksik preparatlar hərəsindən 1 ampul olmaqla 3 gündən bir əzələ daxilinə 15 dəfə verilmişdir. Müştərək HP-də yanaşı endokrin xəstəliyin ənənəvi müalicəsi aparılmışdır. Müalicə fonunda prolaktinin səviyyəsinin referent göstəricidən aşağı enməsi baş vermədiyi təqdirdə müalicəyə başlayandan 2 ay sonra həftədə 0,5 mq olmaqla Dostineks əlavə edil-mişdir. Müştərək HP-li qadınlara da yanaşı olaraq Ovarium Compositum və Hormeel S preparatları yuxarıda göstərilən qaydada təyin edilmişdir. Hormonların göstəriciləri 6 ay sonra dəyərləndirilmişdir.

İnsulinrezistentliyi olmayan 44 (36,7 %) HA-lı qadında yumurtalıqların polikistoz sindromunun (YPS) müalicəsində seçim preparat kimi kombinəo-lunmuş oral kontraseptivlər (KOK) tətbiq edilmişdir. Mülayim hirsutizmi (n=14) olan qadınlarda bu pre-paratlar monoterapiyada, orta ağır və ağır dərəcəli hirsutizm olan qadınlarda (n=30) isə antiandrogenlərlə kombinasiyada təyin edilmişdir. Hirsutizmə və aknelərə təsir baxımından KOK-larla 3 aylıq müalicə effekt vermədikdə KOK-lar antiandrogenlərlə kombinasiyada təyin edilmiş və ümumi müalicə kursu 6 ay təşkil etmişdir. Tədqiqatda tərkibində Siproteron asetat və Drospirenon olan KOK-lara-Diana-35, Yarina, Ces daha çox üstünlük verilmişdir.
Orta ağır və ağır hirsutizmi olan qadınlara KOK-larla kombinasiyada antiandrogen təsirli preparatlardan Spinolakton (Veroşpiron), Finasterid (Vaserid, Profin-5) və ya Siproteron asetat (Androkur) təyin edilmişdir. 50 mq/sut olmaqla KOK-larla kombinasiyada (Diana-35) aybaşının 5-ci günündən 26-cı gününədək tsiklik rejimdə yeməkdən sonra təyin edilmişdir. Spironolaktonun gündə-lik dozası tədricən hər növbəti aybaşı tsikli 25 mq artırılmış və 100 mq/sut-ya çatdırılmışdır. Ümumi müalicə kursi 6 ay davam etdirilmişdir. Müalicə başlayandan 2-4 həftə sonra qanda elektrolitlər təyin edilmiş və arterial təzyiqə nəzarət olunmuşdur.

Finasterid 5 mq/sut dozada fasiləsiz rejimdə KOK-larla kombinasiyada 6 ay müddətində, siproteron asetat (Androkur 10) 10 mq/sut dozada aybaşının 5 -ci günündən 15-ci gününədək tərkibində 35 mq Etinilestradiol və Siproteron asetat olan KOK-la (Diana-35, Xloe) birqə 6 ay müddətində təyin edilmişdir. Sonuncu halda KOK-ların təyini aybaşının 5-ci günündən 26-cı gününədək olan müddəti əhatə etmişdir. Qeyd edildiyi kimi bu müalicələr orta ağır və ağır hirsutizmi olan qadınlar üçün tətbiq edilmişdir. Müalicə zamanı preparatların əlavə təsirlərini nəzərə alaraq dinamikada qaraciyərin funksional fəaliyyətinə, eləcə də hemostazioqrama nəzarət olunmuşdur.

YPS və hiperinsulinemiyası olan 76 (63,3 %) qadı-na insulinsensitayzer- Metformin (Siofor, Qlükofaj) 1000-2500 mq/sut dozada 6 ay müddətində fasiləsiz rejimdə təyin edilmişdir. Bədən çəkisinin artıqlığı və piylənmə olan qadınlarda müalicədə əsas yeri az kalorili qida qəbulu və fiziki aktivliyin artırılması ilə bədən çəkisinin ən azı 10-15 % azaldılması tutmuşdur. Bu qadınlara eyni zamanda Spironolakton Diana-35-lə kombinasiyada tsiklik rejimdə 6 ay müddətində kombinasiyada təyin edilmişdir. Spironolakton 50 mq/sut dozadan başlayaraq hər aybaşı tsikli 25 mq artırılmaqla tədricən 200 mq/sut dozaya çatdırılmışdır. Hər iki preparat aybaşının 5-ci günündən 26-cı gününədək təyin edilmişdir. Orta ağır və ağır hirsutizmi olan qadınlara Finasterid 5 mq/sut dozada fasiləsiz rejimdə KOK- larla kombinasiyada 6 ay müddətində təyin edilmişdir. Finasterid ilk 3 ay 5 mq/sut, ikinci 3 ayda isə 2,5 mq/sut dozada təyin edilmişdir. Müalicə bədən çəkisinin azaldılması ilə eyni vaxtda aparılmışdır.

Digər YPS və insulinrezistentliyi (İR) olan orta ağır və ağır hirsutizmli qadınlara Siproteron asetat başlanğıc dozada 50 mq/sut olmaqla (Androkur 50) 3 ay aybaşının 5-ci günündən 15-ci gününədək, ikinci 3 ayda isə 10 mq/sut dozada Diana-35-lə kombinasiyada təyin edilmişdir. Diana-35 aybaşının 5-ci günündən 26-cı gününə qədər təyin edilmişdir. Hormonal və maddələr mübadiləsi göstəriciləri 6 ay müddətində aparılan müalicədən sonra dəyərləndirilmişdir.

Reproduktiv dövrdə 46 qadında (12,5 %) hipotireoz aşkar edilmiş. Bunların 35-ində (76,1 %) birincili, 11-ində (36,7 %) ikincili hipotireoz olmuşdur. Hər iki halda müalicəyə Levotiroksinlə başlanılmış (L-T4) və müalicənin effektivliyi 6 ay sonra qiymətləndirilmişdir. Preparat bədən çəkisinin hər 1 kq-na 1,6 mkq olmaqla səhər acqarına yeməyə 30 dəqiqə qalmış qəbul edilmişdir. Qadın preparatın sutkalıq dozasını bir dəfəyə qəbul etmişdir. Birincili hipotireozda müalicənin effektivliyinə hər 2-3 aydan bir qan zərdabında TSH-ın, ikincili hipotireozda isə T4sərbəstin səviyyəsinə nəzarət etməklə aparılmışdır. Müalicəyə başlayandan 3 ay sonra qadına əlavə olaraq Ovarium Compositum və Hormeel S preparatları hərəsindən 1 ampul 3 gündən bir əzələ daxilinə 20 inyeksiya təyin edilmişdir.

Tədqiqata böyrəküstü vəzi qabığının anadangəlmə disfunksiyasının (BVQAD) qeyri-klassik forması ilə 11 (84,6 %) qadın cəlb edilmişdir ki, onlara da kombinəolunmuş oral kontraseptivlər və ya KOK-ların antiandrogen preparatlarla kombinasiyası təyin edilmişdir. Qlükokortikoidlər adları çəkilən dərman preparatlarından effekt alınmadıqda təyin edilmişdir. Bu məqsədlə xəstələr deksametazon preparatını 0,5 mq dozada axşam qəbul etmişlər. Müalicə kursu zamanı qadına əvvəlcə 3 ay müddətində KOK və antiandrogen preparat (Diana-35 və Siproteron asetat) təyin edilmişdir. 3 qadında bu müalicədən kifayət qədər effekt alınmamış, androgenetik dermopatiya əlamətləri qabarıq olduğu üçün ikinci 3 ayda 0,5 mq/sut deksametazon təyin edilmişdir. Bu müalicə kursu 3 ay davam etdirilmişdir. Qalan 8 qadında isə Diana-35 və 10 mq Siproteron asetatla müalicə daha 3 ay müddətində davam etdirilmiş və müalicəyə başlayandan 6 ay sonra müalicənin effektivliyi qiymətləndirilmişdir.

İstər hiperqonadotrop hipoqonadizm, istərsə də hipoqonadotrop hipoqonadizm hipoestrogeniya ilə nəticələnir. Hər iki halda estrogen-hestagenlərlə hormonal müalicənin aparılması labüddür. Tədqiqatda bu patologiyaların yaranmasında neoplaziyalar istisna edildikdən sonra qadına tərkibində endogen estrogenə identik 2 mq 17β-Estradiol və 10 mq Didrogesteron olan Femaston 2/10 preparatı uzun müddət ərzində təyin edilmiş və müalicənin effektivliyi 6 aydan sonra qiymətləndirilmişdir. Bu qadınlar birinci 14 gün ərzində 2 mq 17β-Estradiol, ikinci 14 gün ərzində 2 mq 17β-Estradiol və 10 mq Didrogesteron qəbul etmişlər. Müalicəyə başlayandan 3 ay sonra qadına əlavə olaraq Ovarium Compositum və Hormeel S preparatları hərəsindən 1 ampul 3 gündən bir əzələ daxilinə 20 inyeksiya təyin edilmişdir. Müxtəlif mənşəli HA olan qadınlarda patogenetik müalicədən əvvəl və sonra qan zərdabında hormonların səviyyəsi təyin edilmiş və alınan nəticələr cədvəl 2-də təqdim edilmişdir.

Aparılan patogenetik müalicə nəticəsində LH (8,36±0,25  mİU/ml),  LH/FSH (1,39±0,08),  Prl(11,21±0,26 ng/ml), TSH (1,91±0,05 uİU/ml), E1 (90,13±1,24  ng/ml),  17-OHP  (0,66±0,01  ng/ml), Tümumi(0,64±0,01 ng/ml), An (2,49±0,03 ng/ml), DHEA-S-nin (1,99±0,06 pg/ml) səviyyəsinin statistik dürüst dərəcədə azalması, E2 (79,91±1,0 pg/ml), T3 sərbəst(2,32±0,04 pg/ml), T4 sərbəst (1,18±0,01ng/dl), CHBQ-nin (61,0±0,92 nmol/l) səviyyəsinin isə nəzərəçarpacaq qədər artması qeyd olunur (P<0,05).

Nəticə. Beləliklə, hiperandrogeniya sindromunu yaradan səbəblər müxtəlifdir. Sindromun əsasında böyrəküstü vəzi və yumurtalıq mənşəli androgenlərin yüksək olması durur. HA sindromu olan qadınlarda hipotalamus-hipofiz-yumurtalıq-böyrəküstü vəzi sistemində birincili və ya ikincili dəyişikliklər müşahidə edilir və bu qüsurlu dövran HA-nın klinik əlamətlərinin yaranmasına səbəb olur. Mənşəyindən asılı olmayaraq HA-nı yaradan səbəblərin aşkarlanması vacibdir və kompleks patogenetik müalicənin aparılması mütləqdir. HA olan qadınlarda vaxtında aparılan müalicə reproduktiv fəaliyyətdə və klinik əlamətlərdə müsbət dəyişikliklər yaradır.

Şəkillər

Açar sözlər

İstinadlar

1. Клинико-лабораторная характеристика гиперандрогении у женщин на фоне гиперпролактинемии // Казанский медицинский журнал, – 2016, 97, 4, – c. 473-664, Том XCVII, – с. 560-565. İSSN 0368-4814.
2. Клинико-диагностические критерии гипогонадотропно го гипогонадизма у женщин с гиперандрогенией в репродуктивном периоде // Международный научно практический журнал Восточная Европа, – 2017, том 7, №1, – с. 35-40. 20.
3. Состояние гипоталамо-гипофизарно-надпочечниково яичниковой системы и функциональной активности щитовидной железы у женщин с гиперандрогенией на фоне гиперпролактинемии // Вестник Современной Клинической Медицины, – 2017, Том 10, выпуск 5, – с. 7-11.
4. Axundova, N. E. (2022). [QADIN HƏYATININ MÜXTƏLİF DÖVRLƏRİNDƏ HİPERANDRO-GENİYA SİNDROMUNUN PATOGENETİK XÜSUSİYYƏTLƏRİ, KOMPLEKS DİAQNOSTİKA VƏ
MÜALİCƏ ÜSULLARI] (Dissertasiya avtoreferatı, 52 s.). Bakı: [Azərbaycan Tibb Unversiteti]
5. Reproduktiv dövrdə hiperandrogeniya sindromu olan qadın larda hormonal dəyişikliklərin xüsusiyyətləri // The First İnternational Scientific – Practical Virtual Conference "Clinical Endocrinology and Endocrine System Disease: prognosis, achievement and challenges." – İzmir, Turkey, – 2021, – p. 27 (həmmüəl: Ş.E.Əliyeva, A.C.İsmayılova)
6. Məhərrəmova S.H., Axundova N.E. BİOTƏNZİMLƏYİCİ PREPARATLARLA PUBERTAT DÖVRÜN HİPOTALAMİK SİNDROMU OLAN QIZLARDA MENSTRUAL TSİKLİN TƏNZİMLƏNMƏSİNİN EFFEKTİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ. SAČLAMLIQ – 2024. № 4., s.109-113 DOI: 10.36719/ 2706-6614/4/ 104-108
7. Магеррамова С.Г. Развитие и меры по расширению интеграции традиционных методов медицины в практическом здравоохранении Азербайджана// Материалы XXXIV Всероссийской Научно-Практической Конференции с международным участием “Актуальные вопросы гомеопатии. Место и возможности гомеопатического метода в практическом здравоохранении”, Санкт-Петербург, (доклад) 14-15 июня 2024 года, стр.44-46
8. Reproduktiv dövrdə hiperandrogeniya sindromu olan qadın larda karbohidrat mübadiləsinin dəyişmə xüsusiyyətləri // Metabolizm Jurnalı, – Bakı, – 2020, cild 17, №4, – s. 36-37 (həmmüəl: Ş.E.Əliyeva, A.C.İsmayılova).
9. Peri- və postmenopauzal dövrdə hiperandrogeniya olan qadınlarda klimakterik sindromun əlamətlərinin Kupperman şkalasına görə qiymətləndirilməsi // ATUREK-8, – Bakı, – 2020, – s. 130-131.

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 28.Jul.2026

Müəllif hüququ

© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

FON VİLLEBRAND XƏSTƏLİYİNİN MAMALIQ ASPEKTİ

Baxılıb: 33