Abstrakt
Vaxtından əvvəl doğulan uşaqlarda infeksion ağırlaşmalar səhiyyəsinin aktual problemlərindən biridir. Vaxtından əvvəl doğulan körpələrdə immun sistemi tam formalaşmadığından onların infeksiyalara qarşı həssaslığı daha yüksək olur [1]. Embrional dövrdə immun sistemin inkişafı əsasən üçüncü trimestrdə tamamlandığından, 37-ci həftədən əvvəl doğulan uşaqlarda həm humoral, həm də hüceyrəvi immun cavab reaksiyalarında çatışmazlıqlar müşahidə olunur [2, 3]. Vaxtından əvvəl doğulmuş körpələrin respirator traktının müdafiə funksiyaları tam inkişaf etmir, mukosiliar klirensin effektivliyi azalır, antimikrob peptid (AMP) sintez edən hüceyrələrin sayı azalır. Bu da aşağı tənəffüs yollarının infeksion ağırlaşmaları riskini artırır. İltihabəleyhinə immun sisteminin zəifləməsi nəticəsində ağciyərlərdə yaranmış infeksion proses xronik iltihaba və ağciyərlərin xronik patologiyalarına, xüsusilə də pnevmoniyaya səbəb olur [2, 4].
Əsas mətn
Pnevmoniya uşaqlarda infeksion xəstəliklərdən ölüm hallarının əsas səbəblərindən biridir. Hər il təxminən 1,2 milyard pnevmoniya qeydə alınır və bunların 1,4 milyonu, xüsusilə də aşağı və orta gəlirli ölkələrdə kəskin ağırlaşmalara səbəb olur. Ümumdüntya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya üzrə hər on körpədən biri vaxtından əvvəl (erkən doğuş) doğulur. Vaxtından əvvəl doğulan uşaqlarda pnevmoniya 5 yaşdan aşağı uşaqlar arasında ölümün əsas səbəbi sayılır, bütün ölüm səbəbləri arasında isə 2-ci yerdə qərarlaşır [5]. Bu körpələrin infeksion amillərə qarşı yüksək həssaslığı infeksion xəstəliklərin və ağırlaşmaların yaranmasına səbəb olur. Bu səbəbdən infeksion xəstəliklər vaxtında doğulmuşlarla müqayisədə daha ağır keçir və bəzən də letal sonluqla nəticələnə bilər. İmmun cavabın çatışmazlığı, morfofunksional yetkinliksizlik sindromunun ən vacib komponentlərindən biridir və vaxtından əvvəl doğulmuş körpələrdə infeksion xəstəliklərin, xüsusilə də pnevmoniyanın yüksək tezliyi və ağır gedişini əsaslandırır.
Neonatal pnevmoniya – yenidoğulmişlarda ağciyərlərinin invaziv bakterial infeksiyasıdır. Erkən pnevmoniya yenindoğulmuşlarda doğulan zaman, ya da doğulduqdan bir neçə saat sonra yaranır və inkişaf edərək sepsisə səbəb ola bilər. Gecikmiş pnevmoniya isə 7 gündən sonra inkişaf edir və əksər vaxtı yalnız ağciyərlərlə məhdudlaşır. Pnevmoniyanın törədiciləri dölün və ya körpənin orqanizminə ananın doğuş yollarından və ya intensiv terapiya şöbələrindən daxil olur. Bunlara əsasən qram-müsbət koklar (streptokoklar, metisillinə həssas qızılı stafilokoklar və metisillinə rezistent qızılı stafilokoklar) və qram-mənfi çöplər (bağırsaq çöpləri, klebsiella və Proteus növləri) aid edilir. Geniş spektrli antibiotik terapiya alan uşaqlarda Pseudomonas, Citrobacter və Serratia kimi digər bakteriyalara da rast gəlinir. Bundan əlavə, sitomeqalovirus, sadə herpes virusu və göbələklər də (Candida və Aspergillus) da neonatal pnevmoniyaya səbəb ola bilər [6]. İspaniyada aparılmış bir araşdırmaya əsasən, vaxtından əvvəl doğulan uşaqlarda insan adenovirusu (HAdV) və insan parainfluenza virusu (HPIV) infeksiyalarına daha yüksək nisbətdə rast gəlinir, bu göstəricilər tam vaxtında doğulan uşaqlarla müqayisədə daha yüksək olmuşdur. Pnevmoniya əsasən 28 həftədən az hestasiya yaşına malik körpələrdə daha çox müşahidə olunur [7]. Neonatal pnevmoniyanın əsas səbəblərindən biri də perinatal ensefalopatiya və onun fonunda yaranmış infeksion ağırlaşmalar ola bilər. Bu hal xüsusilə, vaxtından əvvəl doğulan uşaqlarda daha çox müşahidə olunur. Perinatal ensefalopatiya zamanı infeksion ağırlaşmaların yaranma səbəblərinə mərkəzi sinir sisteminin struktur zədələnməsi də səbəb ola bilər. Bu zaman hematoensefalik baryerin pozulması nəticəsində mikroorqanizmlərin beyinə nüfuzu asanlaşır [8]. Perinatal ensefalopatiya zamanı hipoksiya və toxuma perfuziyasının pozulması toxumalarda oksigen çatışmazlığı ilə yanaşı yerli immun cavabın zəifləməsinə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, perinatal ensefalopatiya ilə vaxtından əvvəl doğulan uşaqlarda bağırsaq və agciyərlərdə mikrobiomun pozulması, tez-tez invaziv tibbi prosedurların (ventilyasiya, venoz kateterizasiya) tətbiqi xəstəxanadaxili infeksiyalarının (Klebsiella, Pseudomonas, MRSA) inkişaf riskini artırır [9, 10].
Perinatal ensefalopatiya olan vaxtından əvvəl doğulmuş uşaqlarda həm anadangəlmə, həm də qazanılmış immunitetin zəifləməsi, infeksion ağırlaşmaların, xüsusilə də pnevmoniyanın inkişafına gətirib çıxarır. Vaxtında doğulan uşaqlar ilə vaxtından əvvəl doğulan uşaqlar arasında immun sisteminin inkişafı arasında fərq yalnız 1 il ərzində saxlanılır. Vaxtından əvvəl doğulan uşaqlarda limfositlərin mütləq miqdarı, T-helper limfositlərin isə nisbi miqdarı çox aşağı olur və bu nisbət doğulandan bir il müddətində aşağı olaraq qalır. Vaxtından əvvəl doğulmuş uşaqlarda yaranmış bu cür immunodefisit vəziyyət xəstəxanadaxili infeksiya, eləcə də ağır pnevmoniya riskini artırır [5].
Bu uşaqların müalicəsinin nəticələri tənəffüs funksiyalarının erkən və effektiv bərpasından, eləcə də müvafiq antibiotik terapiyadan istifadə etməklə sistemli və ağciyər iltihabının qarşısının vaxtında alınmasından bilavasitə asılıdır. Təəssüf ki, antibiotik preparatlarının seçimi demək olar ki, emperik olur və əsasən qan nümunələrinin bakterial analizi və antimikrob preparatlarına həssaslıq əsasında təyin olunur. Xəstəliyin vaxtında və düzgün diaqnostikası üçün spesifik biomarkerlərin olmaması düzgün müalicə planının tərtibidə əsas maneə hesab edilir. Hazırda istifadə olunan biomarkerlər pnevmoniyanın digər xəstəliklərdən (məsələn, aterosklerotik lövhələr və insan immunçatışmazlığı virusu – HIV) fərqləndirilməsində kifayət etmir. Bu baxımdan son zamanlar pnevmoniyanın etiologiyasında və patogenezində anadangəlmə immunitetin əsas halqalarından olan antimikrob peptidlərinin (AMP) roluna xüsusi diqqət yetirilir [11, 12].
Perinatal ensefalopatiya olan vaxtından əvvəl doğulan uşaqlarda yaranmış immunçatışmazlığı fonunda kalprotektin, laktoferrin, katelisidin (LL-37) və defenzinlər kimi AMP erkən dövrdə anadan-gəlmə immun sisteminin həlledici maddələri olub, ilkin müdafiə zəncirində klinik əhəmiyyətli mühüm rol oynayırlar. AMP qram-mənfi, qram-müsbət bakteriyalara, mikobakteriyalara, göbələk və viruslara qarşı təsir göstərən geniş spektrli infeksiyaəleyhinə maddələrdir. AMP-lər mikroorqanizmlərin membranını zədələməklə yanaşı, eyni zamanda iltihabtörədici və immunmodulyasiya funksiyalarına da malikdirlər. Bu peptidlərin virus və bakterial pnevmoniya törədicilərinin reseptor zülallarını yüksək dəqiqliklə tanımaq qabiliyyəti onların diferensial diaqnostikada istifadəsini əsaslandırır. Bu isə öz növbəsində antibiotiklərin məqsədsiz istifadəsinin, onların toksik təsirlərinin və bakterial rezistentliyin qarşısının alınması baxımından böyük elmi-praktik əhəmiyyət kəsb edə bilər [10, 11]. Perinatal ensefalopatiya ilə vaxtından əvvəl yenidoğulmuşlarda infeksion ağırlaşmaların, xüsusilə də pnevmoniyanın patofiziologiyasında AMP arasında kalprotektinin, defezinin, katelisidinin və laktoferrinin roluna xüsusi diqqət yetirilir.
Perinatal infeksiya və iltihab zamanı amniotik mayedə, tənəffüs yollarında və mədə-bağırsaq sistemində kalprotektinin səviyyəsinin yüksəlməsi müşahidə olunur, belə ki, infeksiya zamanı neytrofillərin aktivləşməsi nəticəsində kalprotektinin sintezi və sekressiyası sürətlənir. Bakterial infeksiya zamanı əsasən α- və β-defenzinlər immun cavabın yaranmasında iştirak edirlər və onların sintezi NF-κB siqnal yolu ilə stimulyasiya olunur. Katelisidin (LL-37) peptidinin ekspressiyası, əsasən TLR (Toll-like reseptorlar) siqnal yollarının aktivləşdirilməsi ilə tənzimlənir və bu proses təbii immun cavabın başlanmasında mühüm rol oynayır. Katelisidin (LL-37) endotoksinlərin neytrallaşdırılmasında, immun modulyasiya funksiyalarında iştirak edir, TNF-α səviyyəsini azaldır, immun hüceyrələrin miqrasiyasını stimulyasiya edir və nəticədə ölüm riskini azaldır. Laktoferrin İL-6 və digər iltihabtörədici sitokinlərin sintez və sekresiyasını tənzimləməklə immun balansın yaranmasında iştirak edir [12].
Vaxtından əvvəl doğulmuş uşaqlarda perinatal ensefalopatiya fonunda yaranmış pnevmoniyanın patogenezində AMP-nin funksional xüsusiyyətlərinin öyrənilməsi, həmin körpələrin müalicə və profilaktik tədbirlərinin təşkilində böyük elmi-praktik əhəmiyyət kəsb edə bilər.
Tədqiqat işinin məqsədi perinatal ensefalopatiya ilə vaxtından əvvəl doğulmuş uşaqlarda yaranmış pnevmoniya zamanı AMP-in səviyyəsinin öyrənilməsidir.
Material və metodlar. Tədqiqat işində 64 nəfər vaxtından əvvəl doğulmuş körpələrin qan və nəcis nümunələri analiz edilmişdir. Tədqiqat kontingenti 3 əsas qrupa bölünmüşdür. I qrupa vaxtından əvvəl doğulmuş (Me=35,3 həftə; Q1=31; Q2=36) 15 nəfər praktik sağlam körpələr, II qrupa perinatal ensefelopatiya olan, lakin pnevmoniya və digər infeksiyalar ilə ağırlaşmamış 29 nəfər vaxtından əvvəl doğulmuş körpələr (Me=33,0 həftə, Q1=32,0; Q3=35,0), III qrupa infeksion və iltihabi mənşəli perinatal ensefelopatiya olan və pnevmoniya ilə ağırlamış 20 nəfər vaxtından əvvəl doğulmuş körpələr (Me=30,0 həftə, Q1=28,0; Q3=32,5) daxil edilmişdir. Kontrol qrupunu 16 nəfər vaxtında doğulmuş (Me=38,1 həftə; Q1=37; Q3=40) praktik sağlam körpələr təşkil etmişdir.
Tədqiqata daxil olan yenidoğulmuşların qan serumunda β-defenzinin (hBD-2; “Cloud-Clone Corp”), laktoferrinin (“Cloud-CloneCorp”), LL-37-nin (“Eastbiopharm”) və kalprotektinin (“Eastbiopharm”) konsentrasiyası immunoferment üsulu ilə analiz olunmuşdur. Bununla yanaşı, tədqiqata daxil olan körpələrin nəcisində fekal kalprotektinin (“Eastbiopharm”) səviyyəsi də öyrənilmişdir. Qan və nəcis nümunələrinin analizi yenidoğulmuş körpələrin ilk 3 günündə aparılmışdır. Statistik təhlildə qeyri-parametrik üsullardan biri olan Mann–Whitney U testi tətbiq edilmişdir. Əldə olunan nəticələr median, birinci (Q1) və üçüncü (Q3) kvartil, həmçinin M±m (orta ± standart xəta), minimum və maksimum göstəricilərlə təqdim edilmişdir. Statistik hesablamalar SPSS-26 proqram paketi vasitəsilə aparılmışdır. Qruplar arasında göstəricilər üzrə fərqlər p<0,05 səviyyəsində statistik cəhətdən əhəmiyyətli hesab edilmişdir.
Alınmış nəticələr və müzakirəsi. Vaxtından əvvəl doğulan praktik sağlam körpələrin (I qrup) qanında kalprotektinin konsentrasiyası 13,2%, p=0,049 (Me=133,8 nq/ml; Q1=110,4; Q3=157,4; kontrol – Me=151,5; Q1=132,3; Q3=174,7), β1-defenzinin konsentrasiyası 11,2%, p=0,038 (Me=67,8 pq/ml; Q1=48,6; Q3=75,8; kontrol – Me=75,4; Q1=65,6; Q3=92,6), katelisidinin konsen-trasiyası – 40,4%, p<0,001 (Me=3,19 mkq/ml; Q1=2,38; Q3=3,85; kontrol – Me=4,48; Q1=4,20; Q3=5,00) kontrola nisbətən azaldığı halda, laktoferrinin konsentrasiyası isə əksinə 53,2% p=0,005 (Me=1,18 mq/ml; Q1=0,86; Q3=1,33; kontrol – Me=0,77; Q1=0,67; Q3=0,87) kontrola nisbətən statistik baxımdan əhəmiyyətli artmışdır. Eyni zamanda bu qrupda olan uşaqların nəcisində fekal kalprotektinin konsentrasiyasının 53,4%, p<0,001 (Me=145,7 nq/ml; Q1=133,7; Q3=165,8; kontrol – Me=95,0; Q1=88,0; Q3=109,0) kontrola nisbətən əhəmiyyətli artması müşahidə edilmişdir (cədvəl). Cədvəldən göründüyü kimi, perinatal ensefalitlə doğulan və infeksiya ilə ağırlaşmayan körpələrdə (II qrup) defenzin β1-in (p=0,158) və kalprotektinin (p=0,271) konsentrasiyası vaxtından əvvəl doğulan praktik sağlam uşaqlarla müqayisədə əhəmiyyətli dərəcədə dəyişməmiş, katelisidinin konsentrasiyası isə - 40,8% (p<0,001); fekal kalprotektinin – 53,3% (p<0,001); laktoferrinin – 2,3 dəfə (p<0,001) əksinə artmışdır (cədvəl).
Alınmış nəticələr göstərdi ki, perinatal ensefalopatiya ilə vaxtından əvvəl doğulan və pnevmoniya ilə ağırlaşan uşaqların qanında kalprotektinin konsentrasiyası – 4,1 dəfə, p<0,001 (Me=550,0; Q1=436,5; Q3=716,0), β1-defenzinin konsentrasiyası 3,2 dəfə, p<0,001 (Me=218,5; Q1=138,3; Q3=226,5), katelisidinin konsentrasiyası – 2,0 dəfə, p<0,001 (Me=6,39; Q1=5,53; Q3=7,50), laktoferrinin konsentrasiyası – 4,0 dəfə, p<0,001 (Me=4,75; Q1=3,51; Q3=5,81), fekal kalprotektinin konsentrasiyası isə - 3,9 dəfə, p<0,001 (Me=564,0; Q1=401,0; Q3=633,0) vaxtından əvvəl doğulan praktik sağlam körpələrə nisbətən statistik baxımdan əhəmiyyətli artmışdır. Bu nəticələr perinatal ensefalopatiya olan, lakin pnevmoniya ilə ağırlaşmamış vaxtından əvvəl yenidoğulmuş körpələrlə (II qrup) müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Bu artım III qrupda kalprotektin üçün - 3,9 dəfə, p<0,001 (Me=140,0; Q1=116,0; Q3=165,0), β1-defenzin üçün - 3,1 dəfə, p<0,001 (Me=70,3; Q1=63,8; Q3=88,1), katelisidinin üçün – 52,9%, p<0,001 (Me=4,18; Q1=3,78; Q3=4,68), laktoferrinin üçün – 2,1 dəfə, p<0,001 (Me=2,27; Q1=1,87; Q3=2,97), fekal kalprotektinin üçün isə - 2,6 dəfə, p<0,001 (Me=218,0; Q1=185,0; Q3=265,0) təşkil etmişdir.
Əldə edilən nəticələrə görə, vaxtından əvvəl doğulmuş uşaqların qanında AMP-in, xüsusilə də defenzinin, katelisidinin və kalprotektinin konsentrasiyası vaxtında doğulan uşaqlara nisbətən azalmışdır. Bu da onu göstərir ki, vaxtından əvvəl doğulmuş uşaqlarda immun sistemi tam formalaşmamışdır və belə uşaqların infeksiya ilə yoluxma riski daha yükəkdir. Məlumdur ki, yenidoğulmuşlarda infeksiya ilə ilkin təmas xətlərində, xüsusilə də ağciyrələrin, bağırsaqların selikli və dəridə AMP ilkin immun müdafiə zəncirini təşkil edir. Vaxtından əvvəl doğulmuş uşaqların ağciyərlərində AMP-in səviyyəsinin aşağı olması patogen orqanizmlərlə mübarizənin qeyri-effektiv olmasına və pnevmoniyanın inkişafına səbəb ola bilər [11, 13].
Məlumdur ki, AMP daimi olaraq qanda dövr edir, asanlıqla plazmaya nəql edilir və orqanizmin potensial patogenlərə qarşı qeyri-spesifik immun müdafiəsini tə-min edir. İmmun sisteminin digər komponentləri (məsələn, immunoqlobulinlər) ilə müqayisədə AMP-lərin üstünlüyü ondadır ki, onlar nisbətən az enerji sərf olunmaqla çox sürətlə sintez olunur. Bundan əlavə, onların amin turşusu zəncirinin qısa olması hədəf mikroorqanizmə sürətli çatmasını və hüceyrə membranı vasitəsilə effektiv diffuziyanı təmin edir. AMP-in əsas antimikrob təsir mexanizmi – mikroorqanizmin hüceyrə membranını zədələnməsidir. AMP bakteriya hüceyrəsinə daxil olaraq DNT-nin replikasiyasını, zülal sintezini, fermentlərin aktivliyini, hüceyrə bölünməsini və metabolik prosesləri inhibisiya edirlər [13, 14].
Beta-defenzinlər və katelisidin (LL-37/hCAP-18) anadangəlmə respirator immun sisteminin effektor molekullarıdır. Defenzinlər 18–45 amin turşusu qalığı olan kation xarakterli AMP-lər olub, neytrofillər və digər immun hüceyrələrində ekspressiya olunur. İnsanda dörd β-defenzin növü mövcuddur: 1-dən 4-ə qədər β-defenzinlər (HBD). Bu defenzinlər keratinositlərdə və tənəffüs, mədə-bağırsaq və sidik-cinsiyyət sisteminin epitel hüceyrələrində infeksion amillərə cavab olaraq sekresiya olunurlar. HBD-2-nin sintezini əsasən iltihabtörədici sitokinlər, bakteriya və göbələklərin lipopolisaxaridləri stimulyasiya edir [13].
Katelisdinlər – amfipatik müsbət yüklü peptidlər olub, insanın bir çox toxumlarında, o cümlədən dəri, ağciyərlər və mədə-bağırsaq və s. sistemin epitel hüceyrələrində sintez olunur. Onların sintezi infeksion amillər və D vitamini ilə fəallaşır [10, 13]. Bəzi AMP-in, o cümlədən defenzinlərin və kateli-sidinin hüceyrədə ekspressiyası və sekresiyası TLR reseptorları vasitəsilə baş verir. Ədəbiyyat məlumatları göstərir ki, vaxtından əvvəl doğulmuş uşaqların həm qanında, həm immun hüceyrələrinin daxilində, eləcə də epitel hüceyrələrində, bioloji mayelərində və nəcisində AMP-in səviyyəsi vaxtında doğulan uşaqlara nisbətən aşağı olur. AMP-in bu nisbi defisiti vaxtından əvvəl doğulmuş uşaqlarda invaziv bakterial infeksiya riskini artırır [11, 13].
Vaxtından əvvəl doğulan uşaqlarda həyatının ilk həftəsində fekal kalprotektinin yüksək nəticəsi bakterial mikrofloranın formalaşması ilə əlaqədar ola bilər, eyni zamanda neytrofil qranullarının və yaxud makrofaqların bağırsaq mənfəzinə transeptelial miqrasiyasının artmasını əks etdirir. Buna səbəb bağırsaqların selikli qişasının yetişməzliyi ilə əlaqədar bağırsaq keçiriciliyinin artmasıdır [14].
Vaxtından əvvəl doğulmuş uşaqlarda laktoferrinin səviyyəsinin vaxtında doğulanlara nisbətən daha yüksək olması doğuşdan sonra infeksiyaya qarşı cavabın fəallaşması və ya postnatal olaraq immun sistemi-nin aktivləşməsi ilə əlaqədar ola bilər. Buna həmçinin, perinatal və erkən postnatal stressin yüksək olması da səbəb ola bilər. Belə ki, vaxtından əvvəl doğulmuş uşaqlar anabətnində və doğuş zamanı daha çox stress amillərinə, infeksion risklərə və hipoksiyaya məruz qala bilərlər. Bu da iltihab törədici sitokinlərin və anadan-gəlmə immun sisteminin aktivləşməsinə səbəb olur, nəticədə laktoferrin kimi neytrofil mənşəli zülalların səviyyəsi yüksəlir. Vaxtından əvvəl doğulan körpələrdə subklinik infeksiya və ya bətndaxili iltihab (məs., chorioamnionit, funisit) da laktoferrinin səviyyəsinin artmasına səbəb ola bilər. Doğuşdan sonra hepatositlərdə və ya neytrofillərdə də laktoferrin sintezi arta bilər. Vaxtından əvvəl doğulan uşaqlarda adaptiv immun sistemi zəif olduğu üçün, doğuşdan sonra anadangəlmə müdafiə sisteminin komponentləri (məs., laktoferrin) ilkin müdafiə reaksiyası olaraq kompensator aktivləşə bilər [13, 15, 16]. Araşdırmalar göstərir ki, laktoferrin neonatal makrofaqlarda iltihabtörədici cavabı azaldır. Bu, laktoferrinin yalnız immun stimulyasiya funksiyasını deyil, həm də immunmodulyator rolunu göstərir və onun səviyyəsinin artması reaktiv adaptasiya kimi izah edilir [17].
Pnevmoniya ilə ağırlaşmayan perinatal ensefalopatiya olan vaxtından əvvəl doğulan uşaqlarda AMP-in səviyyəsi praktik sağlam uşaqlara nisbətən əhəmiyyətli dərəcədə dəyişmədiyi halda, pnevmoniya ilə ağırlaşmış vaxtından əvvəl doğulmuş uşaqlarda əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Prenatal infeksiya ilə doğulmuş uşaqlarda AMP-in artması infeksiya amillərinə qarşı orqanizmin ilkin mübarizəsinin göstəricisidir, lakin, eyni zamanda AMP-in artması kəskin iltihabın yaranmasına səbəb ola bilər. Yenidoğulmuşlarda ensefalopatiya fonunda immun sisteminin zəifləməsi orqanizmə mikroorqanizmlərin nüfuz etməsinə şərait yaradır.
Qeyd etmək lazımdır ki, ədəbiyyat məlumatları da vaxtından əvvəl doğulmuş uşaqlarda kəskin infeksiya, o cümlədən pnevmoniya zamanı bronxoal-veollarda AMP-in (xüsusilə də, defenzinlər və LL-37) əhəmiyyətli dərəcədə artmasını təsdiqləyir [18]. Anadan cift vasitəsilə dölə ötürülən infeksiya yerli və ya sistemli immun cavabı aktivləşdirir, bu zaman hematoensefalik baryerin pozulması nəticəsində mikroorqanizmlər və iltihahbtörədici mediatorlar beyin toxumasına nüfuz edərək ensefalitə, daha sonra isə ağciyər toxumasında endotel və alveol hüceyrələrinin zədələnməsinə səbəb olur. Ensefalopatiya ilə doğulan uşaqlarda (məsələn, hypoxic-ischaemic encepha-lopathy) erkən pnevmoniya və sepsis riski 20–40 dəfə yüksək olur [13, 19]. İnsanlarda epidermisdə və selikli qişa örtüklərində (dəri, ağciyər, bağırsaq) kat-helisidin (LL-37), β-defenzinlər və digər AMP-lər kontaminasiya və travmadan sonra sürətlə artaraq infeksiya əleyhinə təsir göstərir [20]. Bəzi hallarda amniotik infeksiyalar vaxtından əvvəl doğuşa və öz növbəsində həmin uşaqlarda AMP-in artımına səbəb ola bilər. Bu baxımdan hestasiya vaxtının AMP-in səviyyəsinə təsirini öyrənərkən bu dəlili nəzərə almaq lazımdır. Hava-damcı yolu ilə yoluxan infeksiyalar insan orqnizminə tənəffüs yolları ilə daxil olduğu üçün ağciyər toxumasının epitel hüceyrələri AMP, xüsusilə də, defenzin, LL-37 ilə zəngin olur. Bu səbəbdən pnevmoniya zamanı selikli qişaların immun (məsələn alveolyar makrofaqlar) və epitel hüceyrələrində AMP-in sekresiyası əhəmiyyətli dərəcədə artır. Aparılmış tədqiqatlarda yenidoğulmuşların ağciyərlərində əsasən HBD-2 defenzini daha çox üstünlük təşkil edir. Defenzinlər göbək qanında monositlərin yetkin dentrit hüceyrələrinə diferensiasiyasını təmin edir, onların apoptozunun qarsını alır [11, 12, 13].
Beləliklə, perinatal ensefalopatiya yalnız nevroloji disfunksiya ilə məhdudlaşmır, eyni zamanda doğuşdan sonrakı dövrdə infeksiyalara yüksək həssaslıq yaradır. Vaxtından əvvəl doğulan körpələr doğuş-dan sonra yetkin immunitet hüceyrələrinə malik olmadıqları üçün, kompensator mexanizm olaraq AMP aktivləşərək birinci müdafiə xəttini təşkil edir [14]. AMP-in artması neonatal infeksiyaların inkişa-fında əsas patogenetik halqa kimi çıxış edir.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Collins A, Weitkamp JH, Wynn JL. Why are preterm newborns at increased risk of infection? Arch Dis Child Fetal Neonatal Ed. 2018 Jul;103(4):F391F394. doi: 10.1136/archdischild2017313595. Epub 2018 Jan 30. PMID: 29382648; PMCID: PMC6013388. Klirens AMP hüceyrə sayı azalır
2. Singh M, Alsaleem M, Gray CP (September 2022). Neonatal Sepsis. StatPearls [Internet]. StatPearls Publishing. PMID 30285373. NBK531478.
3. MoraesPinto MI, SuanoSouza F, Aranda CS. Immune system: development and acquisition of immunological competence. J Pediatr (Rio J). 2021 MarApr;97 Suppl 1(Suppl 1):S59S66. doi: 10.1016/j.jped.2020.10.006. Epub 2020 Nov 9. PMID: 33181111; PMCID: PMC9432342.
4. van Duuren IC, van Hengel ORJ, Penders J, Duijts L, Smits HH, TramperStranders GA. The developing immune system in preterm born infants: From contributor to potential solution for respiratory tract infections and wheezing. Allergy. 2024 Nov;79(11):29242942. doi: 10.1111/all.16342.Epub 2024 Oct 9. PMID: 39382056.
5. Wang XR, Du J, Zhang SS, Zhang WX, Zhang XA, Lu QB, Ren L, Liu W, Liu EM. Preterm birth and detection of common respiratory pathogens among pediatric pneumonia. iScience. 2023 Jul 27;26(9):107488. doi: 10.1016/j.isci.2023.107488. PMID: 37636039; PMCID: PMC10448009.
6. Nissen MD. Congenital and neonatal pneumonia. Paediatr Respir Rev. 2007;8(3):195203. doi:10.1016/j.prrv.2007.07.001
7. Coathup V., Carson C., Kurinczuk J.J., Macfarlane A.J., Boyle E., Johnson S., Petrou S., Quigley M.A. Associations between gestational age at birth and infectionrelated hospital admission rates during childhood in England: Populationbased record linkage study. PLoS One. 2021;16:e0257341. doi: 10.1371/journal.pone.0257341. [DOI] [PMC free article] [PubMed] [Google Scholar]
8. RochaFerreira E, Hristova M. Antimicrobial peptides and complement in neonatal hypoxiaischemia induced brain damage. Front Immunol. 2015 Feb 12;6:56. doi: 10.3389/fimmu.2015.00056. PMID: 25729383; PMCID: PMC4325932.
9. Huang SS, Pavenski K, Lee TY, Jurkiewicz MT, Bharatha A, Thiessen JD, St Lawrence K, Théberge J, Mandzia J, Barth D, Licht C, Patriquin CJ. Bloodbrain barrier permeability in survivors of immunemediated thrombotic thrombocytopenic purpura: a pilot study. Blood Adv. 2021 Oct 26;5(20):42114218. doi: 10.1182/bloodadvances.2021005317. PMID: 34521110; PMCID: PMC8945621.
10. Smith KJ, Gwyer Findlay E. Expression of antimicrobial host defence peptides in the central nervous system during health and disease. Discov Immunol. 2022 Jul 26;1(1):kyac003. doi: 10.1093/discim/kyac003. PMID: 38566904; PMCID: PMC10917193.
11. Battersby AJ, Khara J, Wright VJ, Levy O, Kampmann B. Antimicrobial Proteins and Peptides in Early Life: Ontogeny and Translational Opportunities. Front Immunol. 2016 Aug 18;7:309. doi: 10.3389/fimmu.2016.00309. PMID: 27588020; PMCID: PMC4989132.
12. Geitani R, Moubareck CA, Xu Z, Karam Sarkis D and Touqui L (2020) Expression and Roles of Antimicrobial Peptides in Innate Defense of Airway Mucosa: Potential Implication in Cystic Fibrosis. Front. Immunol. 11:1198. doi: 10.3389/fimmu.2020.01198.
13. Molloy, E.J., Branagan, A., Bearer, C. et al. Infection and neonatal encephalopathy. Pediatr Res (2025). https://doi.org/10.1038/s41390025041293
14. Agakidou E, Agakidis C, Kontou A, Chotas W, Sarafidis K. Antimicrobial Peptides in EarlyLife Host Defense, Perinatal Infections, and Necrotizing EnterocolitisAn Update. J Clin Med. 2022 Aug 29;11(17):5074. doi: 10.3390/jcm11175074. PMID: 36079001; PMCID: PMC9457252.
15. Rougé C, Butel MJ, Piloquet H, Ferraris L, Legrand A, Vodovar M, Voyer M, de la Cochetière MF, Darmaun D, Rozé JC. Fecal calprotectin excretion in preterm infants during the neonatal period. PLoS One. 2010 Jun 11;5(6):e11083. doi: 10.1371/journal.pone.0011083. PMID: 20552029; PMCID: PMC2884033.
16. Decembrino L, DeAmici M, De Silvestri A, Manzoni P, Paolillo P, Stronati M. Plasma lactoferrin levels in newborn preterm infants with sepsis. J Matern Fetal Neonatal Med. 2017 Dec;30(23):28902893. doi: 10.1080/14767058.2016.1266479. Epub 2016 Dec 20. PMID: 27997265.
17. Mary T. Caserta (October 2015). "Overview of Neonatal Infections". Merck Sharp & Dohme Corporation. Retrieved January 16, 2015.
18. Wisgrill L, Wessely I, Spittler A, FörsterWaldl E, Berger A, Sadeghi K. Human lactoferrin attenuates
the proinflammatory response of neonatal monocytederived macrophages. Clin Exp Immunol. 2018 Jun;192(3):315324. doi: 10.1111/cei.13108. Epub 2018 Mar 12. PMID: 29393509; PMCID: PMC5980625.
19. SchallerBals S, Schulze A, Bals R. Increased levels of antimicrobial peptides in tracheal aspirates of newborn infants during infection. Am J Respir Crit Care Med. 2002 Apr 1;165(7):9925. doi: 10.1164/ajrccm.165.7.200110020. PMID: 11934727
20. Dorschner, R., Lin, K., Murakami, M. et al. Neonatal Skin in Mice and Humans Expresses Increased Levels of Antimicrobial Peptides: Innate Immunity During Development of the Adaptive Response. Pediatr Res 53, 566–572 (2003). https://doi.org/10.1203/01.PDR.0000057205.64451.B7
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 28.Jul.2026
Müəllif hüququ
© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 34


